Adilə Nəzər: - HƏRƏ BİR AZ ŞAİRDİR

Hərə bir az dəlidir, çoxu örtür üstünü,
ağrıları bəllidir, içə vurur qəsdini.
Dəlilik də dünyada elə Günəş kimidir -
buludlusu dondurur, alovlusu qovurur.
yerdə qalan külü də külək əsib sovurur.
Hərə bir az şairdir, hər şair bir az dəli…
Haqqın ətəyindədir, amma hamının əli.
Məzlumların halına baxıb odlayar özün,
körunlayar, tüstülər…
şairlər də insandır, amma
bir az üstü var...
Gördüyü yuxuları çalışıb xeyrə yozar,
könlünə düşənləri qələm qanıyla yazar.
Alıb gedər başını birbaşa məchulluğa,
qüruru qoymaz girə şər işlərə qulluğa.
Bəzən özünə belə açılmamış sirr olar,
günü azadlıq olsa, gecəsi əsir olar.
Şeir kimi doğulub, şeir kimi yaşarlar,
şairlər öz dövrünü doğulan gün aşarlar.
Payızında, qışında könlünün buludundan
yenə də bahar damlar.
Beləcə vurar ömrü, başa,
şeir adamlar.
Dəli kimi sevərlər şeiri, sözü, söhbəti.
el içində tutular uca, xətri-hörməti.
Seçərlər qərib yolu, -
dili, dini, adəti eyni olan qürbəti.
Hərdən xiffətin eylər arxasınca su atan
divara dəyən əlin,
qəmini yaşayar hey o, “Sona bülbüllər”in.
Eyni duyğular ilə yaşar, gedər adamlar,
bir gün sevinc adamlar, bir gün kədər adamlar.
Çağlayan ürəklərin duyğulanmış əlidir,
hərə bir az şairdir, hərə bir az dəlidir.