SÜLEYMAN ABDULLA.- AĞRILARI SUSMAQ

Ədəbiyyat 14:59 / 21.09.2026 Baxış sayı: 426

 

...Və bir də var öz içinə yıxılmaq,

Səssiz-küysüz sinirmək ağrıları.

Hansı vaxtda rahat olur ölməmək,

Günortamı, yoxsa ki gecə yarı...

Soruşmazlar düşəndən...

Yol bəllidir əyiləndə ədalət,

Yıxılarsan əzabların düz üstə.

İtirmək yox tapmadığın ümudi,

Qanad çalmaq dəyənəcən üz üstə;

Hərçənd sınıb qolların...

Əllərini sıxmadığın taleyə,

Gücün çatar dişlərini sıxasan.

Ətək yoxsa yapışmağa üstündə,

Dirsəyinin sıyrığından çıxasan;

Ya çatından dizinin...

Qara günə yaraşır al qərənfil,

Gülab suyu kiprikdəki buz nəmə?

Uzaqlardan dönmək olmur əliboş,

Nə gətirdin o dünyadan, gizləmə;

Susmağa da haqqın var!

Yaxşı deyil adamları yanıltmaq,

Nəfəs dərməz səsə yellə gələnlər.

İçləri çəkib baxar, üstünə

Küt baltayla iti bellə gələnlər;

Sifət varmış adamda...

Nə fərqi var qayıtdınsa əcələ,

Ağ qapının şifrəsi sim-sim idi.

Nə söylədi işıq geymiş o adam,

Süni nəfəs verən o nur kim idi;

Deməzlər, yox e, yox!

20.09.2023