Şövkət Zərin Horovlu- Sənin dünyandan bizi 14 illik bir vaxt ayırı

YAZARLAR 20:08 / 21.09.2026 Baxış sayı: 207

Sənin dünyandan bizi 14 illik bir vaxt ayırır.On dörd bahar , on dörd payız, qış yaşadıq, amma sənsiz.Bilsəydin necə çətind, sənsiz yaşamaq? Bilmədin səndən sonra nələr oldu ?Hər payız gözlərim getdiyin yollara boşaldı-doldu.Arzuladığın o Böyük Qələbəni də sənsiz gördüm. “Ömür nağılı”romanımda sənə ayirdığım bölmədən bir neçə misranı bu gün yazmağı borc bildim:

“Ata torpağımızı ziyarətə getdim, səndən icazəsiz.Axı , sənin iznin olmadan heç nə eləməzdım,özün də bilirsən.Kəndimiz “Mədain xarabalığına “ bənzəyirdi.Daşı-daş

Üstündə qalmamışdı, Hüseyn!

Çətin olsa da maşından düşüb

məzarlığa sarı getdim.Bir nişanə tapmadım.Torpaq şumlanmışdı!

Ata -babaların məzarından əsər-əlamıt yox idi.Yaxşı ki , o görüş sənə qismət olmadı.O ağrıları tək yaşadım.Üzümü 52 il birgə gedib-gəldiyimiz Dədə Məhərrəmin yurduna tutub bir bayatı da çəkdim!…

Əzizizim talan yurdum,

Sinəsi nalan yurdum.

Məni tamarzı qoyub ,

Yadlara qalan yurdum…

Səninlə söz -söhbətimiz hələ bitməyib ,Hüseyn !

Nə qədər varam ,neçə ki, əlim qələm , dilim söz tutur mənimləsən,

özümdəsən!…

Həyatı, insanları sevməyi, dözümü ,dəyanəti mənə sən öyrətdin.Şeirlərimə, əsərlərimə ilk qiyməti sən verdin,tənqidi də sən dedin !

…Dedin,göz yaşına dəyməz bu dünya,

Hamını bir gözdə görməz bu dünya.

Onu sevməyəni sevməz bu dünya,

Dünyanı sevməyi səndən öyrəndim!…

Bəli , həyatı dünyanı sevməyi hələ çox gənc ysşımdan sən mənə öyrətdin,dəyərli insan ,Sədaqətlu ömür yoldaşı, mehriban ata!

Gözətçi qalmışam xatirələrə

Sənin doğum günün, bu özəl günün,

Yenə də qanatdı xatirələri.

Nə zəng eləyən var,nə qapı döyən,

Qaytara biləydim sənli günləri.

Hədiyyə verən kim,şeir deyən kim,

Qonaq-qaralıydı onda evimiz,

Sənin tərifini qazanmaq üçün ,

Növbəyə durardı nəvələrimiz.

Mənə də, iki qat bayram olardı,

Məclisin başına keçərdin onda.

Övladlar ,nəvələr deyib-güləndə,

Gözlərindən sevinc içərdin onda.

On beş sentiyabr, ilk dərs günündə ,

Hamımız qapıdan birgə çıxardıq.

Bəzən də ləngiyib gizlicə gendən,

Onların dalınca durub baxardıq.

Evimiz darıxır nəvələr üçün,

Övladlar dağılıb hərə bir yerə.

Bir mənəm , bir otaq , bir də xatirən,

Gözətçı qalmışam xatirələrə!