Sevinc Qərib : - Adam barmağından yıxıla bilər,

Ədəbiyyat 15:15 / 11.06.2025 Baxış sayı: 1778

 

* * *

Adam barmağından yıxıla bilər,

sürüşər ovcunun doğmalığından.

Adam barmağından asar özünü,

üşüsə üzüyü yad barmağında.

 

Sınar ümidlərin göy bağlılığı,

uzanar əllərin ətəyin boyu.

Ötürər köksünü çarəsiz ürək,

çalınar o tayda "yadının" toyu.

 

Donar xatirələr bir şəkil üstə,

ötüşər yuxundan dünənin izi.

Yozarsan min yerə çıxılmazları,

su yuyub aparar gözün dənizi.

 

Çökər dizi üstə xəyalların da,

Qəminə bulaşar saçının teli.

Nəm çəkər duan da, susdura bilməz,

dərdin əsdirdiyi o dəli yeli.

 

Atarsan özünü mən zirvəsindən,

yıxılar içindən o böyük adam.

Budaqlar əl çalar eniş müjdənə,

quru yarpaq olar "dadına çatan".