Sevil Azadqızı - SARI NƏRGİZLƏRİM

YAZARLAR 09:23 / 23.03.2026 Baxış sayı: 240

 

Pəncərəmin önündə bir ovuc günəş var sanki. Sizə baxanda payızı deyil, hələ doğulmamış sabahlardakı o ilıq işığı görürəm, mənim sarı nərgizlərim.

Dünya bəzən boz rəngə boyanar, soyuq dualar pıçıldayar adamın ruhuna. Amma siz elə bil kimsəsiz bir bağçanın ortasında ucalan "hələ bitməyib" nidasısınız. Siz, baharın müjdəçisi kimi torpağın yuxusunu dağıdıb gəlmisiniz. Səhər mehi ləçəklərinizə toxunduqca ətrafa yayılan o incə ətir, sanki ruhun pasını silir, insana yenidən nəfəs almağı xatırladır. Rənginiz ayrılıq deyil, torpağın altından göy üzünə çəkilən ən parlaq xətdir; qışın son məğlubiyyəti, təbiətin ilk təbəssümüsünüz.

Həyat da belə deyilmi?

Hər sarı yarpaq bir sonu işarə edirmiş kimi görünür, amma sizin hər sarı ləçəyiniz yeni bir başlanğıcın carçısıdır. Siz mənə öyrədirsiniz ki, dik durmaq üçün mütləq göy qurşağının bütün rənglərinə ehtiyac yoxdur; bəzən tək bir rənglə və bir parça bahar təravətiylə də qaranlığı dağıtmaq olar.

Sola-sola deyil, yana-yana qalın ruhumda. Çünki sizinlə hər fəsil təravətli, hər baxış bir ümiddir. Qoy kainat sükuta qərq olsun, siz sarı-sarı pıçıldayın: "İşıq hər zaman bir yolunu tapıb qayıdacaq..."

 

22.03.2026