50-ci Səməd Vurğun Poeziya bayramı

MƏDƏNİYYƏT 10:00 / 23.03.2026 Baxış sayı: 186

 

Bu gün dünyanın əmin-amanlığa və qurtuluşa daha çox ehtiyacı var. Belə bir vaxtda Söz hələ də öz qüdrətini saxlayırsa, böyük sənətkarlara borcludur.

“Dünyanın son adı qurtuluş olsun!” – deyən Səməd Vurğun da belə böyük sənətkarlardan biridir.

Onun 120 yaşı bu il martın 21-də tamam oldu. Ölkə Prezidenti cənab İlham Əliyev bu böyük sənətkarın 120 illiyinin qeyd edilməsi münasibətilə sərəncam imzalayıb.

Məlum olduğu kimi, 1976-cı ildən etibarən Ümummilli Lider Heydər Əliyevin sərəncamı əsasında “Səməd Vurğun poeziya günləri” keçirilir. Bu il də şairin anadan olduğu gündə Qazaxın Yuxarı Salahlı kəndində Ulu Öndər tərəfindən inşa etdirilmiş “Səməd Vurğunun poeziya evi”ndə 50-ci poeziya günü keçirilmişdir.

Bu dəfəki poeziya bayramı S.Vurğunun heykəlinin ziyarətindən sonra “Bizdə şeir də vardır, sənət də vardır, şairə, sənətə hörmət də vardır” devizi altında başlamışdır.

AYB Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın aparıcılığı ilə baş tutan bu bayramda ilk söz Qazax RİHB-nin humanitar məsələlər üzrə müavini Gülayə Həsənovaya verilmişdir. O, xalq şairinin sənətkar qüdrətindən söz açmış, onun poeziyasına ümumxalq məhəbbətindən danışmış, sənətə və sənətkara dövlət qayğısını xüsusi olaraq qeyd etmişdir.

YAP Qazax rayon təşkilatının rəhbəri Anar Nəbiyev, S.Vurğun ocağının layiqli davamçısı Vurğun Vəkilov, alimlər Hüseyn Xəlilov, Natəvan Dəmirçioğlu, Yusif Alıyev şairin poeziyasının incəlikləri ilə bağlı fikirlərini səsləndirmişlər.

Yuxarı Salahlı kənd məktəbliləri şairdən əzbər şeir parçaları söyləmiş, “Vaqif” pyesindən kiçik bir səhnəni təqdim etmişlər. Daha sonra şairlər – Tovuzdan, Ağstafadan, Qazaxdan olan AYB üzvləri N.Əhmədli, S.Qaratorpaq, A.Musazadə, R.Axundlu, M.Rasimoğlu, S.Hidayətoğlu, Ə.Sofoğlu, T.Poladlı, E.Süleymanlı və başqaları şeirlər oxumuşlar.

Aşıq Samir Cəlaloğlu, eləcə də kənddə fəaliyyət göstərən gənc aşıqlar qrupu S.Vurğundan şeirlər ifa etmişlər.

Kənd ağsaqqalı Məhəmməd Vəkilov poeziya bayramının iştirakçılarına S.Vurğun ocağı adından öz təşəkkürünü bildirmişdir.

 

AYB Qazax bölməsi