BÖYÜK  USTAD  SEYRAN  SƏXAVƏT – SÖZÜN, RUHUN VƏ XALQIN YAZIÇISI

YAZARLAR 10:13 / 23.03.2026 Baxış sayı: 286

 

 

( Adi oxucu və Dost təbriki)

 

Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri – yazıçı, şair, publisist və dramaturq Seyran Səxavət bu il ömrünün müdrik bir zirvəsinə – 80 illiyinə qədəm qoyur. Qarabağın qədim torpağında, Füzuli rayonunun Yağlıvənd kəndində dünyaya göz açan bu böyük söz adamı, illər boyu Azərbaycan ədəbiyyatına özünəməxsus səsi, nəfəsi və ruhu ilə xidmət etmiş sənətkarlardandır. Seyran Səxavət təkcə məşhur yazıçı deyil. O, həm də xalqın içindən çıxmış, xalqın içində yaşayan və xalqın nəfəsini duyan bir ziyalıdır.

Mənim üçün Seyran Səxavət adı sadəcə bir yazıçı adı deyil. Hələ gənclik illərimdən – ötən əsrin 70–80-ci illərindən tanıdığım və sevdiyim bir sənətkardır. O illərdə onun “Ulduz” , “Azərbaycan” jurnallarında dərc olunan yazıları, yaratdığı canlı obrazlar mənim yaddaşımda silinməz iz buraxmışdı. Onun yaradıcılığında kənd həyatının təmizliyi, Qarabağ insanının xarakteri, xalqın sevinci və ağrısı elə bir səmimiyyətlə əks olunur ki, oxucu bu əsərlərdə öz həyatının izlərini görür. Hamamçı Abdulla kimi yadda qalan obrazlar, ərinə banka qoyan həkim diplomlu qızın hekayəsi, Qədir Rüstəmovla “Atüstü söhbət”i, rəqs edən İspaniyası, “Daş evlər”i, “Qızıl teşt”i, “İtlə intervü”sü, “Qaçaqaç”I və s. kimi əsərləri – bunların hər biri oxucu ilə müəllif arasında xüsusi bir mənəvi körpü yaratmışdı. Bu əsərlərdə təkcə hadisələr deyil, insan taleyi, həyatın ironiyası, xalq yumoru və böyük bir həyat həqiqəti yaşayır.

Seyran Səxavət ədəbiyyata şeirlə gəlsə də, sonralar nəsrdə və dramaturgiyada parlaq uğurlar qazandı. Onun əsərləri Azərbaycan insanının xarakterini, milli düşüncəsini və zamanın mürəkkəb suallarını bədii şəkildə ifadə edən nadir nümunələrdəndir. Xalq şairi Bəxtiyar Vahabzadənin də qeyd etdiyi kimi, Seyran Səxavətin qələmi orijinallığı və özünəməxsus yumoru ilə seçilir.

Bu böyük sənətkarın yaradıcılığı təkcə kitab səhifələrində deyil, həm də teatr səhnələrində və ictimai fikirdə yaşayır. “Qızıl teşt”, “Büst”, “Qapıların o üzündə qalan dünya” kimi pyeslərin səhnə həyatı, onun dramaturq kimi də güclü istedadını sübut edir.

Eyni zamanda, Seyran Səxavət ölkəmizin ədəbi və ictimai həyatında fəal iştirak edən ziyalıdır. Uzun illər “Ədəbiyyat və incəsənət” qəzeti və “Ulduz” jurnalında çalışaraq Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr vermişdir. Onun publisistik fəaliyyəti də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynamışdır.

Mən Seyran Səxavəti təkcə kitabları ilə deyil, həm də canlı çıxışları ilə daha yaxından tanımışam. “Qarqanlılar” kitabının təqdimatındakı çıxışı, müxtəlif tədbirlərdə birgə iştirakımız – bütün bunlar onun nə qədər səmimi, gülərüz və enerjili insan olduğunu bir daha göstərmişdir.

SEYRAN SƏXAVƏT  SƏXAVƏTLİ SÖZ USTASIDIR.

Azərbaycan ədəbiyyatı əsrlər boyu böyük söz ustadları yetirmiş, milli ruhumuzu, tariximizi və mənəvi dəyərlərimizi qoruyub yaşadan qüdrətli qələm sahibləri ilə zənginləşmişdir. Bu möhtəşəm söz karvanında özünəməxsus yeri, fərqli nəfəsi və səmimi üslubu ilə seçilən sənətkarlardan biri də Qarabağ torpağının yetirdiyi böyük yazıçı, şair, publisist və dramaturq Seyran Səxavətdir. Qarabağlı, Füzulili, Yağlıvəndli Seyran Səxavət Azərbaycan ədəbiyyatında yalnız bir müəllif kimi deyil, həm də bütöv bir ruhun, bir düşüncə tərzinin, xalq yaddaşının daşıyıcısı kimi tanınır. Onun yaradıcılığı xalqın həyatından doğan, insan talelərini, həyatın paradokslarını, zamanın ağrı və sevinclərini özündə birləşdirən böyük bir ədəbi aləmdir.

23 mart 1946-cı ildə Füzuli rayonunun Yağlıvənd kəndində dünyaya göz açan Seyran Səxavət taleyini söz sənəti ilə bağlayan nadir qələm adamlarından biridir. Qarabağın saf təbiəti, kənd həyatının sadəliyi, insanların səmimiyyəti onun xarakterinin və yaradıcılığının formalaşmasında mühüm rol oynamışdır. O kənd mühiti ki, orada insanın sözü də, baxışı da, davranışı da daha təmiz, daha səmimi olur – Seyran Səxavətin əsərlərində də məhz bu saflığın izləri açıq şəkildə görünür.

Ədəbiyyata aparan yol

Seyran Səxavətin ədəbiyyata gəlişi ötən əsrin altmışıncı illərinə təsadüf edir. O zamanlar gənc oğlan kimi sözə vurğunluğu onu ilk şeirlərini yazmağa gətirib çıxardı. İlk şeiri 1962-ci ildə Füzulidə nəşr olunan “Qızıl Araz” qəzetində çap olundu. Bu, sadəcə bir şeir deyildi – gələcək böyük yazıçının ədəbi taleyinin başlanğıcı idi. Sonralar Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alması onun dünyagörüşünü genişləndirdi, sözə münasibətini daha da dərinləşdirdi. Fars dili üzrə tərcüməçi ixtisasına yiyələnən Seyran Səxavət, eyni zamanda, dünya ədəbiyyatının müxtəlif nümunələri ilə tanış olmaq imkanı qazandı. Bu isə onun yaradıcılığının formalaşmasına mühüm təsir göstərdi. Sovet ordusunda xidmət etdiyi illərdə də o, sözə bağlılığını itirmədi. Sonrakı dövrlərdə isə taleyini birbaşa ədəbi mühitlə bağladı. Uzun illər “Ədəbiyyat və incəsənət” qəzeti və “Ulduz” jurnalında çalışaraq həm öz yaradıcılığını inkişaf etdirdi, həm də Azərbaycan ədəbiyyatının inkişafına xidmət etdi.

Şairlikdən nasirliyə uzanan yol

Seyran Səxavət ədəbiyyata şair kimi gəldi. Onun ilk şeir kitabları – “Adalar” (1970)“Mənim planetim” (1977) gənc bir şairin poetik axtarışlarının nəticəsi idi. Bu şeirlərdə gəncliyin romantikası, sevgi, həyat haqqında düşüncələr, təbiətə bağlılıq və insanın daxili aləmi öz əksini tapırdı. Lakin zaman keçdikcə Seyran Səxavət öz yaradıcılığının əsas istiqamətini nəsrdə tapdı. Onun hekayə və povestləri Azərbaycan nəsrində yeni bir nəfəs kimi qarşılandı. Bu əsərlərdə həyatın adi görünən, lakin dərin məna daşıyan hadisələri, kənd adamlarının xarakteri, onların sadəliyi və müdrikliyi böyük ustalıqla təsvir edilirdi. Seyran Səxavətin nəsri ilk növbədə səmimiliyi və təbii dili ilə seçilir. Onun yazı tərzi süni pafosdan uzaqdır. Oxucu sanki müəllifin yazdığı hadisələrin içində yaşayır, personajlarla birlikdə düşünür və hiss edir.

Unudulmaz obrazlar və əsərlər

Seyran Səxavətin yaradıcılığı zəngin və çoxşaxəlidir. Onun “Daş evlər”, “Nekroloq”, “Palıd toxumu”, “Yəhudi əlifbası”, “Qaçaqaç” kimi romanları müasir Azərbaycan nəsrinin diqqətəlayiq nümunələrindəndir. Xüsusilə “Nekroloq” romanı Azərbaycan Yazıçılar Birliyinin Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatına layiq görülmüşdür. Bu əsər müasir Azərbaycan cəmiyyətinin mənzərəsini geniş və təsirli şəkildə əks etdirir. Onun hekayələri də oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. “Yüz ilin kişisi”, “Madonnanın əri Fərəməz kişi”, “Çayçı Rəşid”, “Bir kisə kartof”, “İt intervüsü” kimi hekayələr həm yumor, həm də həyat fəlsəfəsi ilə seçilir. Bu əsərlərdə müəllif insanın xarakterini, həyatın bəzən gülməli, bəzən isə acı tərəflərini böyük ustalıqla təqdim edir.

Dramaturq Seyran Səxavət

Seyran Səxavət yalnız nasir və şair deyil, həm də istedadlı dramaturqdur. Onun “Qızıl teşt”, “Büst”, “Qapıların o üzündə qalan dünya” kimi pyesləri Azərbaycan teatrlarının səhnəsində uğurla tamaşaya qoyulmuşdur. Bu pyeslərdə cəmiyyətin mənəvi problemləri, insan münasibətləri və həyatın dramatik tərəfləri bədii şəkildə əks olunur.

Xalq adamı

Seyran Səxavət haqqında danışarkən onun ən mühüm xüsusiyyətlərindən birini xüsusi qeyd etmək lazımdır: o, xalq adamıdır. Onun yaradıcılığı xalqın içindən doğur və yenidən xalqa qayıdır. O, insanları, onların gündəlik həyatını, düşüncələrini və problemlərini çox yaxşı tanıyır. Buna görə də onun əsərləri oxuculara doğma gəlir. Azərbaycanın tanınmış sənətkarları – Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, Fuad Poladov, Afaq Bəşirqızı və başqaları onun yaradıcılığını yüksək qiymətləndirmişlər.

Səksən yaşın gəncliyində təbrik və arzularım

Bu günlərdə isə mən də AMEA Mərkəzi Elmi Kitabxanasında Seyran Səxavətlə keçirilmiş görüşdə iştirak etdim. Bu görüş təkcə bir yazıçı ilə görüş deyildir – bu, Azərbaycan ədəbiyyatının canlı bir səhifəsi ilə ünsiyyət idi.

Seyran Səxavət ömrünün 80 illik zirvəsinə çatır. Lakin bu yaş onun yeni yaradıcılıq enerjisi deməkdir. O, gənclik enerjisi ilə yazır, düşünür, danışır. Onun sözündə həyat eşqi, insan sevgisi və Vətən sevgisi yaşayır.

Böyük ustad yazıçı Seyran Səxavəti 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Böyük ustadın 80 illik yubileyi ərəfəsində onun haqqında düşünərkən bir arzum var:

Seyran müəllim elə-beləcə şux enerjili, istedadlı, gülərüz və sevilən qalsın. Onun qələmi hələ uzun illər Azərbaycan sözünün xidmətində olsun. Çünki belə sənətkarlar təkcə kitab yazmırlar – onlar milli yaddaşı, mənəvi dünyanı və zamanın ruhunu qoruyurlar.

Azərbaycan ədəbiyyatı sizin kimi sənətkarlarla yaşayır və zənginləşir. Qoy ömrünüz uzun, qələminiz iti, sözünüz həmişə canlı xalq dilində olsun. Arzu edirəm ki, həmişə elə-beləcə şux enerjili, gülərüz, şirin və sevilən sənətkar kimi qalasınız. Qələminiz heç vaxt dayanmasın, sözünüz daim oxucuların qəlbinə yol tapsın.

TƏBRİK EDİRƏM, BÖYÜK USTAD  SƏNƏTKAR - SEYRAN SƏXAVƏT !
 

ƏLÖVSƏT QARACA ƏLİYEV,

  professor