Şahnaz Şahin : -  DARISQALLIQ HƏDDİ   poema

                

               Xalq şairi Rəsul Rzaya ithaf edirəm

 

 

Ədəbiyyat 10:36 / 06.12.2022 Baxış sayı: 1491

                                       

                

               Xalq şairi Rəsul Rzaya ithaf edirəm

 

 Bir insan şəkli tapdım,            

Asdım qəlbimin üstündən.

Dərdlərini dəstələyib

Asdım qəlbimin üstündən.

 

Hər gün,hər saat yanıltmac,

Bir gün ayrılıq salacaq..

Ömür,həyat bir oyuncaq

Asdım qəlbimin üstündən...

 

Nə dedin dua olası.

Ruhuma işıq salası..

Rəsul Rza haqq qalası

Asdım qəlbimin üstündən!..

 

                    ...

Qarşımda bir insan şəkli var,Usatad,

Başımda dolaşıq fikirlər kələfi..

Qulaqlarımda səslənir həyat himni :

             “Ömür keçdi, gün keçdi”

Aramızda böyük yaş fərqi var

             Sən... mənim atam...

Eh, bu gün hara, dünən hara

             Lap mat qalır adam.

                           ...

 

Sözlərin elə bil indicə hopub

             Ağ varaqlara

Yol ağzında yel vurub titrədən sarı sünbül

             kimidi ürək.

Ürəyimdən gözlərimə gələn yolda

             Tanımadığım kimsə var...

Ürək dözmədiyinə göz dözür,

             Lap əmr alıbmış kimi

             “Döz !” dözür...

 

                         ...

Yanağımda  ilk müəllimin

                             sillə səddi,

Saçımda yoldan tapdığım lentin

                Acı parıltısı..

Qulağımda qonşu partada oturan

qızın “Bu mənim lentimdi”

                                  pıçıltıcı...

Sürətlə sifətimə çırpılır

qaynar qanımın qızartısı...

Pobot əsridi indi...

Şagirdə çırtma vurmağa müəllimin

                                  nədir həddi...  

                         ...

Anadan gözəl kim var..

Anama bənzəyir bu qadın.

Bax gecə keçib gedir,

Ev sükut,hamı yatıb..

O qadındır,o ana

Gecənin bir yarısı

Qalxıb şirin yuxudan

Dolanır otaqları..

Nəfəsimi dinləyir,

Çəkib örtür üstümü.

Sığallayır telimi,

Düzəldir yastığımı..

Və rahat olub gedir..

                  ...

 

... Anamın əqrəb sancan əlinə,

         vaxtsız ağaran telinə,

bükülən belinə ağlayıardım...

Əlimdən bir şey gəlməyəndə isə...

                          öz günümə.

Qonşumuzun davada itkin düşən

                                     ərinə,

dağılmış yulğun  çəpərinə ağlayardım.

 

Sonsuz bir qarının sahibsiz

                              həyətinə....

Ondan sonrada həyəti tərk etməyən

                              vəfalı  itinə ağlayardım...

Dünyada ölüm adlı cəlladın olduğunu

                biləndə  hələ çox uşaqdım

... həmin gün bitdi uşaqlıq çağım...

                             ...

 

 

Sinəm altı qoruqdu.

Üstü varaq-varaqdı,

Məni bir səs çağırdı..

Qaçdım,çata bilmədim!

 

Yanıb keçdi ocaqlar,

İlıq,yumşaq axşamlar..

Pərişan qara saçlar...

Qaçdım,çata bilmədim!..

                  ...

 

“Əl tutmaq Əlidən qalıb” dedilər,Ustad,

      bir də “ Balığı at dəryaya”

Əl verdiyim adım əlimi kəsir indi,                                      

dil öyrətdiyim dilimi...

Vallah hərdən nahaq qınayırıq ölümü!...

Vaxt keçir, yerimi dəyişmək istədim,

Gördüm

 hələ də dünyanın darısqallıq həddi keçilməyib!..

                                           

                                    ...

Önümü qəlibə salınmış

sevgilər kəsdi,Ustad,

Canımı ölçülü –biçili

adamlar sıxdı...

Yenə də

”Ən dəhşətli nüsxə insanlar içindədir...”

...Bu gecə başım üstündə

Nurlu siman,ürəyimdə xeyir-duan,

Şeirlərinlə yol çəkirəm

ən yaxın ulduza....

Heyif sənə,heyif...

Rəsul Rza!...