Şakir Xanhüseyndən İKİ ŞEİR

OXLOVLU şeir
Sanki oxlov udub biri önümdə,
boyun qalstuklu,
ayaq tak-tuklu;
əslində, o mənlə üz-üzə deyil...
Özünü çox dartır, qırıla bilər,
yoxsa bu halına yaxşımı deyim?
Qəşəngmi görünür nazlı, ədalı?
bəlkə də belədi, sevəni də var...
Yüz oxlov lazımdır, onu bir yaya;
açın gözünüzü, oxlov udanlar,
açın neçə-neçə
acın gözünü...
BİR ANIN şeiri
Yarpaqlar nəmlənib, qalmamış kimi
heyi-hərəkəti budaqların da;
Elə bil əllərim kövrəldi birdən,
əl vurdum, islandı barmaqlarım da...
Səhəri açıblar dirigözlü, hə,
ağaclar itirib yuxularını...
Həsrətlə döyünən ürəklərsayaq
bulaq gizlədəmmir duyğularını.
Güllər qulağında qoy sırğa etsin:
-bir də gözlərinə şeh yığmasınlar...
İpək kimi yumşaq otlara bax bir;
qoy gəlib ovcumda bitsinlər onlar!..