Sabir Zəkullaoğlu : - Şam yanırsa...

YAZARLAR 13:31 / 07.06.2023 Baxış sayı: 1463

Həmişə bağa, bağçaya girəndə, nə qədər istəməsəm də güllərin ən qəşəngindən bir ikisini seçib dərirəm..

Meyvə də ki, heç də, ən yaxşısını seçib seçmələyib yığıram. Çıxıb lap əl çatmayan, bakirə sandığım, bir az da Allaha yaxın olanını dərirəm..

Hər halda Allaha yaxınlaşdıqca, o meyvələr daha ətirli, daha dadlı və daha da şirin olar deyə düşünürəm..

Həm də günəşin istiliyindən, ilk görüşünə gedən qızlar kimi yanaqları qızarmış olur o meyvələr..

İnanmıram ki, o yüksəklikdə olan meyvələr, nə hansısa meyvənin qeybətini etsinlər, nə də qeybət qıranların səsini eşitsinlər...

Yeri gəlmişkən, yüksəklikdə olan meyvələr həm də qurdsuz olurlar. Niyə? Çünki, meyvə qurdları, yaşadıqları pup dövründə o yüksəklikdə küləyin təsirindən qala bilməyib, yerə tokurlər..

Nə isə, keçim mətləbə..

Və elə o an fikirləşirəm...

İndi, bu meyvələr, bu güllər, görəsən hansı hissləri keçirirlər ..

Görəsən, onlar sevindilərmi ki, onların bəxtləri açılıb deyə, bu qədər gülün, çiçəyin içində məhz onları seçmişəm və ya bu qədər meyvənin içində məhz o meyvələri dərib yıgmışam...

Yoxsa əksinə, mən onları incimişəm...

Bax bu hissi tuta bilmirəm ..

Təsəllimə sadəcə Bəxtiyarın bir misrası çatır...

Şam yanırsa yaşayır demək...