Kəmaləddin Qədim - GÖZLƏYƏN GÖZLƏYİR MƏNİ...
Yönüm üzü payızadı,
Çətin tapar xeyir məni.
Eşqə salıb, kor eləmək
çox asanmış deyir məni...
Kimlərin nəyinin nəyi,
Dildə boş-boş gəvələyir.
Kimlər də ki, sevələyir,
Gecə-gündüz öyür məni...
Bir az içim, can tərəfim,
Bir az da bəy, xan tərəfim.
Bu ağır, batman tərəfim
əyir, yaman əyir məni...
Dərd bu qədər, ah bu qədər,
Lütf edib Allah bu qədər...
Bilməzdim vallah, bu qədər
sevdirərmiş şeir məni...
Bu yol dərdmiş, bu yol azar,
Çətin bir də qurd yol aza...
Yola salan, dur, yola sal,
Gözləyən gözləyir məni..