Kəmaləddin Qədim - ADIM

Ədəbiyyat 10:40 / 17.03.2026 Baxış sayı: 117

 

Yaşadım alovlar, odlar içində,

Neynim, görünmədi boyum-buxunum.

Adım seçilmədi adlar içində,

Hələ kimlərdənsə sonra oxunur...

 

Bir mənəm, bir də ki sinəmin dağı,

Nə çəkdim həsrətdən, əzabdan özgə.

Nəyim var adıma, nəyim var axı,

Nəyim var beş-altı kitabdan özgə?..

 

Olmadı qəflətdən oyan, dur, deyən,

Heç vardan, dövlətdən dəvəm də yoxdu.

Bir azca köhnədi, uzundur deyə,

Adımı daşıyan nəvəm də yoxdu...

 

Bura da gəlmədim kefim əlindən,

Gör elsiz-obasız nə urvatdayam...

Zor ilə alındı evim əlimdən,

Hələ də havada qeydiyyatdayam...

 

Deyirlər şükr elə dərdsiz olmadın,

Canbirin, dərd bağrıbadaşın şükr.

Ali kürsülərdə dolaşır adın,

O boyda nazirdi adaşın şükr...

 

Qoyub gedəcəyim yolmu, izmi var,

Gör hələ nə düşdü yadıma mənim;

Daha bu dünyada küçəmizmi var,

Sabah da verilə adıma mənim...

 

Di yaşa, günləri günlərə cala,

Şələlə bu zatsız yaddaşın üstə.

Əslində o gündən daş altda qalar,

Elə ki yazıldı ad daşın üstə...

 

Bu boyda alilər, zatlar içində,

Neynim, görünməyir boyum-buxunum.

Adım da seçilmir adlar içində,

Hələ kimlərdənsə sonra oxunur...