Fransa Senatı Ermənistanla silah müqaviləsinin bəzi detallarını açıqlayıb

DÜNYA 21:02 / 03.12.2023 Baxış sayı: 2676

Fransa Senatı Ermənistana SEZAR artilleriya sistemlərinin mümkün qədər tez çatdırılması imkanlarının araşdırılmasını tövsiyə edir.

Yenises. az xəbər verir ki, Fransa Ermənistana 24 “Bastion” tipli zirehli transportyor tədarük edib , daha 26-sı isə istehsal mərhələsindədir. Bu barədə 2024-cü il üçün maliyyə qanun layihəsi çərçivəsində Fransa Senatının saytında dərc olunan hesabatda deyilir.
Sənəddə xatırladılır ki, İrəvan bu yaxınlarda Thales-dən üç GM200 radarı sifariş edib və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı da danışıqlar aparılır.

Bundan əlavə, Fransa Senatı Ermənistana Sezar özüyeriyən artilleriya qurğusunun tədarükü imkanlarını mümkün qədər tez öyrənməyə çağırır: “Ukraynada yol verilən səhvləri təkrarlamamaq və lazımi avadanlıqların tədarükünü gecikdirməmək üçün”.

"Biz Ermənistan hakimiyyətinin artilleriya ehtiyacları ilə bağlı bütün müraciətlərinə operativ şəkildə cavab verməliyik", - hesabatda deyilir.
Bundan əvvəl sosial şəbəkələrdə və Telegram kanallarında Fransanın zirehli texnikasının Gürcüstan ərazisindən keçərək Ermənistana doğru getməsinin fotoları yayılıb.

Ermənistan Müdafiə Nazirliyi hələ də Fransanın zirehli texnikasının tədarükü ilə bağlı xəbərləri şərh etməyib.

Qeyd edək ki,  2023-cü ilin oktyabrında Parisdə Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyen Lekornu Ermənistana silah tədarükü haqqında saziş imzalayıblar.