SÖZƏ GÜVƏN -yazdı Coşqun Xəliloğlu
Danışsan, elə danış,
Dediyin sözə güvən.
Bir iş görsən Allaha -
Xaliqə-“Düz”ə güvən.
Dərindən düşün, anla,
Qanı yumazlar qanla.
Nə dost olma nadanla,
Nə də hər kəsə güvən.
Gəl, güldürmə aləmi,
Yazmaq elə-beləmi?
Ələ alsan qələmi,
Qəlbində közə güvən.
Dağ dərdi vardır dağın,
Dağmı, hər dağ sandığın?
Halalca qazandığın,
Çörəyə-duza güvən.
Bir bax, yolu seçəndə,
Boylan, bərəyə-bəndə
Azsan dumanda, çəndə
Cığıra, izə güvən.
Coşqun, həyatı anla,
Yarışdayıq zamanla,
Ucal Azərbaycanla,
Kökə-Oğuza güvən.
02.08.2025