Vasif Süleymanın ŞEİRLƏRİ

Ədəbiyyat 12:13 / 10.08.2025 Baxış sayı: 2655

AYRILIB TƏZƏDƏN QONŞU OLMUŞUQ

Bu necə həsrətdi, gözləri duyuq,

Ürəkdə kədərmi, qəmmi, bilmirəm.

İş elə gətirib od qonşusuyuq,

Sənmi köçməlisən, mənmi, bilmirəm...

 

Ürəyim ovcumun içində hər gün,

Xəyalım göylərin qatından keçir.

İşə baxırsanmı, sənin yolların,

Mənim pəncərəmin altından keçir.

 

Bizi mənziləmi gətirdi yollar,

Bura havasızdı, yer nə, göy nədir…

Səni qucağına açılan qollar,

Məni üz qoyduğum balınc göynədir.

 

Ləngiyən vüsala tuşmu olmuşuq,

Yoxsa bu, taleyin çaşdığı yoldu.

Ayrılıb təzədən qonşu olmuşuq,

Ta bunun harası ayrılıq oldu…

 

Sevgisən, həsrətsən, gəlmirsən dilə,

Ürəkdən yüz hissin təlaşı keçir.

Hər səhər, hər axşam yanımdan belə,

Sevgim həsrətimnən yanaşı keçir.

 

Bu necə həsrətdi, gözləri duyuq,

Ürəkdə kədərmi, qəmmi, bilmirəm.

İş elə gətirib od qonşusuyuq,

Sənmi köçməlisən, mənmi, bilmirəm...

ÇOXU ELƏ BİLİR SEVİRSƏN MƏNİ…

Çoxu elə bilir sevirsən məni,

Bəxtəvər başına deyənlər də çox.

Arada nə sevən, nə sevilən var,

Məni bu sevdadan əyənlər də çox.

 

Çoxu elə bilir sevirsən məni,

İndidən mətləbi başa çəkirlər.

Deyirlər qız gözəl, oğlan ağıllı,

Belə adımızı qoşa şəkirlər.

 

Çoxu elə bilir sevirsən məni,

Kimisi görəndə qaş-qabaq tökür.

Yola çıxmayıbdı hələ bu sevgi,

Çoxunun yoluna daş-qalaq tökür.

 

Çoxu elə bilir sevirsən məni,

Bilirəm böhtandır, ancaq əlac var.

Elə bir çoxunun acığına sən,

Məni sev, özünün bəladan qurtar –

Çoxu elə bilsin sevirsən məni..

 

BİR AN BƏS EYLƏYƏR AYRILIQLARA

Hələ də bilmirsən ölüyəm, sağam,

Hələ də görmürsən viran eşqimi.

Başının üstünə alovlar yağan,

Hələ ayaq üstə duran eşqimi.

 

Burdan o tərəfə başlayır hara...

Hicran dedikləri bitməz ki, bitməz.

Bir an bəs eyləyər ayrılıqlara,

Vüsala çatmağa bir ömür yetməz.

 

Hiss edə bilmədim yaş artdığını,

Mən hələ naşıyam, naşı, bilirəm.

Sən bilə bilməzsən yaşatdığını.

Mən nə yaşayıram... Yaxşı bilirəm.

 

Nəyin əsiriyəm, bir ömür... Nəyin,

Bir qala qurmuşam ürək dağında.

Əzabı başqadı sevilməməyin,

Əzabı bambaşqa atılmağın da...

 

Hələ də bilmirsən ölüyəm, sağam,

Hələ də görmürsən viran eşqimi.

Başının üstünə alovlar yağan,

Hələ ayaq üstə duran eşqimi.