Adilə Nəzər :- Dörd tərəfim qaranlıqdır, İlahi

Ədəbiyyat 10:03 / 11.08.2025 Baxış sayı: 2344

Dörd tərəfim qaranlıqdır, İlahi,

Bir şam yandır yollarımı aydınlat.

Açammıram düsturunu həyatın,

İzahını gəl mənə də bir anlat.

 

Bugün yenə qırılmışam hamıdan,

Qoy getsinlər, bu gecə qal yanımda.

Sabah özüm yaracağam zülməti,

Dan üzünün şəfəqi var canımda.

 

Bir quş kimi təsəllinə uçuram,

Yükləmişəm qanadıma səmanı.

Hansısa bir möcüzənin xətrinə,

Saatlarda aldadıram zamanı.

 

Yollar məni apardıqca aparır,

Bunca yükü daşımaq da çətindir.

Axı belə ağrılarla baş-başa,

İnsan kimi yaşamaq da çətindir.

 

Əyrilər var, çoxusu düz biçimdə..

Həddim deyil sual verim, İlahi.

Bu yolsuzlar, bu yersizlər içində,

Haradadır mənim yerim İlahi.

 

Bilirsən ki, zülümlərlə yaşatdım,

İçi doğru, çölü yalan ömrümü.

Qoyma bir də qaranlıqlar aparsın,

İşıqlandır geri qalan ömrümü.