Əbülfət Mədətoğlu - Sevmək üçün doğuldum
Mən necə sevirəm bir Allah bildi
Bir də ki, ahlarım hopan dörd divar...
Mən belə sevirəm gör neçə ildi-
Sevməsəm dörd divar özüldən qopar!
Mən sevgi təşnəsi .ülfət acıyam
Doymuram pərvanə, həm şam olmaqdan...
Bir az bal kimiyəm, bir az acıyam -
Həm səhər ,həm də ki , axşam olmaqdan!
Unutmaq hissimi silmişəm qəlbdən
Xatirə tonqalı sığındığım yer...
Əl uzat , çıxmayım heç vaxt bu təbdən -
İynə ucu boyda mənə ümid ver!..
Həyat dalğalanan acımaz dəniz
Sahilə atılmış başqa ta kiməm?!
Allahı və səni sevən bəndəniz -
Sevgidən doğuldum, SEV!-ə təkiməm!!!
Şeirin bədii təhlili:
Əbülfət Mədətoğlunun "Sevmək üçün doğuldum" şeiri insanın daxili sevgi dünyasını, hisslərin ucalığını və sonsuz sadiqliyi tərənnüm edən səmimi bir etirafnamədir. Şeirin əsas mövzusu ilahi və bəşəri sevginin vəhdətidir.
Müəllif sevginin insan həyatının təməli və varlıq səbəbi olduğu ideyasını irəli sürür. Lirik qəhrəman sevgini gizli, lakin dərindən yaşayan, hisslərinə sadiq bir aşiqdir. Onun sevgisi o qədər güclüdür ki, "sevməsə dörd divarın özüldən qopacağını" bildirir. O, həm yanan şam, həm də onun ətrafında fırlanan pərvanə olmaqdan zövq alır.
"Xatirə tonqalı", "həyat dalğalanan acımaz dəniz" kimi ifadələr qəhrəmanın daxili iztirablarını və keçmişə bağlılığını obrazlı şəkildə göstərir. "Bal kimiyəm , bir az acıyam", "həm səhər , həm də ki, axşam" təzadları sevginin insana verdiyi ziddiyyətli hissləri – həm sevinci, həm də kədəri uğurlu ifadə edir. "İynə ucu boyda mənə ümid ver" misrasında kiçik bir ümidin aşiq üçün nə qədər böyük əhəmiyyət daşıdığı bədiiləşdirilir.
Qəhrəman özünü dalğaların sahilə atdığı çöpə, taxta parçasına bənzədir, bu da onun çarəsizliyini vizuallaşdırır. Şeir axıcı, emosional və sadə dildə yazılıb. Klassik divan ədəbiyyatındakı şam və pərvanə motivi müasir poetik dillə yenidən canlandırılıb.
"Sevgidən doğuldum, SEV!-ə təhkiməm" misrası ilə bitən əsər insanın həm Tanrıya, həm də sevgilisinə olan sadiqliyini lirik formalı manifestə çevirir.
Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi.
Filoloq. AJB, AYB-nin üzvü.
Ədəbi təhlil-tənqidçi. Yazar-publisist