Xatirə Rəhimbəyli - Niyə vəfa umdun sözü gözəldən
Niyə vəfa umdun sözü gözəldən ,
Çələngmi olurmuş quru xəzəldən?..
Zərif yarandın ki,könül ,əzəldən ,
Elə gedib--gəlib qıralar səni?...
Hayana daşısam bu qəlbi ,yükdür,
Ağrısını kimsə çəkməyəcəkdir ...
Gedənin gedibdir,gəlməyəcəkdir,
Nahaq dilə tutur bu bahar səni...
Görürəm ,astarın üzündən baha ,
Savab gəzə-gəzə batdın günaha .
Həsrətin özündən əzizdi daha ,
Daha qəbul etməz buralar səni.
Qışı gətirmisən sən elə çoxdan ,
Bir ömür üşüyüb ürək soyuqdan .
Könlüm elə küsüb sən adlı yoxdan ,
Qoymaram ta məndən soralar səni.