Könül Nuriyeva - Bircə “sən” dediyim…
Bəlkə bir payız günüydü, bəlkə də heç payız deyildi, elə-belə uydurmuşduq, bizə elə gəlmişdi. Qağayılar isə həmin günlərin uydurması deyildi, onlar var idilər, onlar məhəccərlərin üstündə sıra ilə düzülmüşdülər və sən mənə cəld onların şəklini çəkmək istəyini söyləmişdin. Rəssam deyildim, fırçalarım yox idi. Rənglərim isə var idi, bir də ki, dəniz kənarında bir insanın rənglərə ehtiyacı olmur ki… Burada, bu məqamda harmoniya yaranır,— həm mənəvi dünyası rəngli olan adam, həm də az qala hər saniyə fərqli rənglərə boyanan dəniz…
“Sən” söylədim? Hə, yeganə insan idin ki, “sən” deyə bilmişdim. Bir də ki, bunun başqaları üçün elə də əhəmiyyəti yoxdur. Əslində heç kimin heç kim üçün dərindən əhəmiyyəti yoxdur. Biri işinə görə, biri nüfuzuna, biri mənfəətinə, biri vaxt keçirəcək adamı olmadığına görə adamın həyatına güclə burnunu soxmaq istəyir. Qapı döymək var, ədəb var, ərkan var,- bəlkə adamın heç danışmağa əhvalı yoxdur, bəlkə hələ həyatın yuxusundan ayılmayıb, kəlmə kəsməyə ruhiyyəsi çatmır…
Bu söhbəti də həmin gün və sonrakı günlər sən demişdin. Sonra da mənasız xeyli söhbətlər etmişdik. Həmişə belə olur,— birdən qış gəlir. Adam birini özünkü biləndə fəsillər tərsə- məhzəb düşür, yaydan sonra anidən qar yağır elə bil. Bilənlər bilir, bilməyənlərə bunu izah edə bilmərik ki…
“Sən” sadə müraciət formasıdır, bəlkə şablon söhbətin mövzudur. Bəlkə insanlar unudublar kiməsə ilk dəfə “sən” dediklərini…
“Sən” demək onu ilk gündən özünkü bilməkdir, daha doğrusu özün bilməkdir. Bilirsən ki, buna görə adama mədəniyyətsiz kimi baxmaz, bilirsən ki, bu, onun xoşuna gələr, bəlkə əvəllər rəsmilik onu çox yorub, amma bu yerdə, bu məqamda adamın sən deməyi şipşirin səslənər.
Çox şey bilən bir adam bəzən bütün xırdalıqları unudar. Beynində bir “sən” qalar, bir də şahid qağayılar. Adam niyə şahid axtarsın ki, niyə bunu yazsın ki? Axı buna ehtiyac olmamalıdır.
Axı birdən-birə hava belə qəfil dəyişməməlidir.
Deyəsən, ən doğrusu budur,—axı ilk dəfə “sən” deməməlisən!
Onda pərdələr götrülür, sərhədlər pozulur, məsafələrə xal düşür. Bütün bunları indi ikimiz də “sən” in üstünə atırıq. Övliya deyilik, imam- peyğəmbər övladı deyilik, biz adi adamlarıq, həmin günlərdə də çox adiydik. Gərək günahı kiminsə üstünə ataq ya yox? Vicdanımızı rahat etmək üçün. Hətta o sadə bir müraciət forması olsa belə…