Adilə Nəzər - GƏLMİRSƏN
Dersən ki, aşiqsən, amma
Dilə gəlmirsən, gəlmirsən.
Sən necə bülbülsən axı
Gülə gəlmirsən, gəlmirsən.
Bitmir özünlə savaşın,
Pəncərədən gəlir daşın.
Uçub gedir yaşılbaşın,
Gölə gəlmirsən, gəlmirsən.
Qalmayıbmı yol düzünə,
Tutacaq yoxmu üzünə?!
Düşüb ceyranın izinə,
Çölə gəlmirsən, gəlmirsən.
Bir az solğun, bir az yorğun,
Başımızda duman, çovğun,
Lal göl olmusan, bir coşğun
Selə gəlmirsən, gəlmirsən.
Hissinlə Gün tək aşkarsan,
Həbs edən, həm xilaskarsan,
Mən dəli, sən inadkarsan,
Yola gəlmirsən, gəlmirsən.
Adilə, yenə gülürsən,
Bir gün külsən, bir gün gülsən,
Uralanıb tökülürsən,
Ələ gəlmirsən, gəlmirsən.