Xatirə Rəhimbəyli - Gördün, hamı getdi,qaldıq ikimiz
Ədəbiyyat
10:00 / 08.09.2026
Baxış sayı: 189
Gördün, hamı getdi,qaldıq ikimiz,
Ulu eşq deyilən budu, əzizim.
Hər qəlbdə bir cürə təcəlla edən
Sevda gözümüzdə sudu, əzizim.
Bu ürək nə azıb, nə də karıxıb,
Bir ömür eləcə yoluna baxıb.
Göz yaşım gizlincə içimə axıb
Hər kəsi qəlbimdən yudu, əzizim.
Bildinmi, mənmişəm yeganə varın?
Silinmir gözündən qəmin, qubarın...
Bu sirli acının, bu intizarın
Getmir damağından dadı, əzizim?
Bizim aramızda bir möcüzə var;
Nə zaman, nə məkan, nə hadisə var...
Amma bu sevgidə sirli nəsə var,
Qalacaq tarixdə adı, əzizim.
Gördün, hamı getdi...