Fərhad Tapdıqoğlu - Düşüncələr
Pul,var-dövlət gözlərini örtənlər "dünyanı tutub gedəcəklərini" düşünürlər yəqin...
Kor tutduğunu buraxmaz.Kor buraxmasa da dünya buraxır onsuz da...
=
Bir az ruslaşmaq,bir az ərəbləşmək,bir az farslaşmaq,bir az avropalaşmaq ...bir az...bir az...özümüz olmadıq...
=
"Qara fikirlər "də,işıqlı fikirlər də hədəfə çatıb ,məqsədə nail olana qədər ağ işıqda yol gedirlər.
=
Oxunmayan kitablar "bəzəkli-düzəkli,adamın az qala gözünə girən ,insanların laqeyd nəzərlərlə süzdükləri əşyalardan biridir.
=
Özümüzdə olanları başqalarında axtarmaq təbiətimizdədir.
=
Lap elə milyonların olsun ,səndə olan xəstəliyi özün daşımalısan .
Xəstəlikdən qurtulmaq üçün bütün varını öz xəstəliyinlə birlikdə kiməsə vermək istəyin yaransa da,bu qeyri - mümkündür,baş tutmaz...
=
"Özümüzün deyib( danışıb),özümüzün eşitməyimiz " ən sərfəli variantdır.
Onsuz da eşitsələr belə ,heç nə həll etməyəcəklər,heç nə dəyişməyəcək.
Hətta başımız da ağrıya bilər.
Odur ki,özümüz elə səslə deyək,danışaq ki,ancaq özümüz eşidək.
Təəccüb etməyin ,bizdə belədir...
=
Qəbul etmədiyin,bəyənmədiyin ,zəhlən qaçdığı kiminsə( nəyinsə) sənin olması ən böyük bədbəxtliklərdən biridir.
=
Ayaqları dolaşanların ayaqlarına dolaşmazlar .
=
Allah "quzum" deyib,tumarlayıb,əzizlədiklərimizin "qoç" olub,bizə buynuz göstərməsindən saxlasın...