"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı "Şahənşah" restoranında  keçirildi

MƏDƏNİYYƏT 13:05 / 07.09.2026 Baxış sayı: 836

Sentyabr ayının 6-da "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı, möhtəşəm görünüşü ilə şəhərə gözəllik verən "Şahənşah" restoranında keçirildi.Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, AYB və AJB- nin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. Öncə məclis iştirakçılarını salamladı və tanınmış ədəbiyyat adamlarının bir arada olması poeziyaya olan sevginin bariz nümunəsi olduğunu iştirakçıların nəzərinə çatdırdı.

Yığıncaqda ilk olaraq söz Lənkərandan uzaq yolu yaxın edib gələn, AYB- nin üzvü, Prezident mükafatçısı, tanınmış ustad şair- qəzəlxan Əhməd Haqsevərə verildi. Şair belə bir məclislərin keçirilməsinin əhəmiyyətli olduğunu qeyd elədi və şeirlərindən bir neçəsini səsləndirdi. Sonra söz iki "Divan" müəllifi, tanınmış bəstəkar, şair Hüseyn Sözlüyə verildi.

Qocaman şair ədəbiyyatda keçdiyi həyat yolundan danışıb, şeirlərindən bir neçəsini səsləndirdi. Hüseyn Sözlünün çıxışından sonra söz "Sarı Aşıq" Ədəbi Məclisinin sədri, tanınmış şair, təcnis ustası, AYB- nin üzvü Adil Cəfakeşə verildi. O da məclisə xeyir- duasını verəndən sonra şeirlərindən səsləndirdi. Adil Cəfakeşin çıxışından sonra söz tanınmış şair Vahid Çəmənliyə verildi.

O da kövrək duyğularla yazdığı şeirlərindən bir neçəsini səsləndirdi. Sonra ardıcıl olaraq şairlərə bir- bir söz verildi və sözü fəlsəfə elmləri doktoru, tanınmış şair Arzu Kazımqızı Nehrəmliyə verdi. Arzu xanım tədbir iştirakçılarına uğurlar arzuladı və belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən danışdı və şeirlərindən bir neçəsini səsləndirdi. S

onra söz məclisə Sumqayıt şəhərindən gələn, Müslümovlar ailəsini ləyaqətlə təmsil edən və ədəbiyyatımıza şərəflə xidmət edən şairlər Namiq Müslümovİlhame Muslimovaya verildi. Hər iki istedadlı şair öz şeirlərindən həvəslə səsləndirdilər. Ardıcıl olaraq söz şair, AYB-nin üzvü Əliyar Mərdiyevə verildi. O da ədəbiyyatımızda olan nöqsanlardan, sözün mədəni inkişafımızda əhəmiyyətindən danışdı, şeirlərindən səsləndirdi və sonra söz yenicə şeirlər kitabı çapdan çıxan Xəyyam Avşara verildi. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı.

Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.