Ağamir Cavad - ATAMIN İŞIĞI
İşıqlı adam idi atam,
Nurani görkəmi vardı.
Üzündən, gözündən nur yağardı.
Arzusu, əməli İşıqlı idi,
Niyyəti, sözü İşıqlı.
Süfrəsi qonaq-qaralı idi,
Ocağı, közü İşıqlı.
Səhərədək yana-yana saxlayardı
Həyətinin işığını.
İşıqlı fikirlərdə görürdü
Həyatın yaraşığını.
Heç vaxt gecikdirməzdi
Yandırdığı işığın pulunu.
Üzünün,
Sözünün,
Əməllərinin nuru ilə
İşıqlandırardı hamının yolunu.
Ən böyük günah sayardı
İşıq oğurluğunu,
İşıqlı əməllərlə qazanmışdı
Hörmətinin ağırlığını.
İşıqlıydı şübhəsi də, gümanı da,
Üzü kimi,
Özü kimi
İşıqlıydı əqidəsi, imanı da.
Ancaq yaşa dolduqca
Qara pərdə çəkildi gözlərinə.
İllər gözünün nurunu aldı əlindən,
Amma Allaha qarşı bircə kəlmə şikayət
Çıxmadı dilindən.
Mən isə
Üstümə götürüb günahı,
İşıqlı insanın gözlərini kor etdiyi üçün
İçimdə çox zaman qınayırdım Allahı.
İndi, ahıl yaşında olanda
Açıldı beynimdə
Qaranlıq ilmələrin düyünü,
Dərk etdim
Allahın ədalətinin böyüklüyünü.
İmanı kamil olan atam
Ömrünün kor günlərində
Dözüb hər ağrıya, əzaba
Bir dəfə də çəkmədi ah.
İndi bildim,
Bilirmiş dünyadan köçəndə
Qarşısında riyakar, işıqsız insanları görməmək üçün
Gözlərinin nurunu alıbmış Allah.
Öləndə gözü görməsə də,
Üzü əvvəlkitək İşıqlı idi.
İşığı əbədidir,
Zaman işığını daşıyır atamın.
Bu gün də dünyada
İşığı yaşayır atamın.
28. 08. 2026