Könül Nuriyeva - Qəlbin ağlına nəzir- niyaz edirdi o gün...
Qəlbin ağlına nəzir- niyaz edirdi o gün,
Deyəsən, avqustun sonuydu...
Bakının dənizə nazlandığı,
Sarı- sarı ot tayalarının
yayla vidalaşdığı zamanda
heç yeri yox idi,
azdın yolunu: aşıq oldun...
Söylədim: "Olma!"
Bunun payızı var,
nisgil yağır göydən yağış əvəzi,
qışı var, göy yerə həsrət göndərər qar əvəzi,
İlk baharı var,
tumurcuqlanmır bəzən ağaclar.
Fəslin ən bivec günüydü,
yayı üşüdürdü laqeyd insan səsləri,
avqust qorxurdu atmaq üçün ilk addımı,
Sənin qəlbinsə...
Buraxmırdı ağlının əlini,
çəkirdi bütün nakam eşqlərin fikrini!
Dəniz çəkəmmirdi Bakının nazını,
qızılı ot tayaları unutmuşdu vida sözlərini,
Söyləmişdim, yenə unutdun: aşiq oldun...
Dedim, bəlkə atasan aşiqliyə ən zərif daş,
bəlkə Məcnuna verəsən dərs.
Dinləmədin məni,
sən həmişə belə olmusan- tərsin biri tərs!
Səhəri olmur bəzi gecələrin,
oxunmur ən gözəl nəğmələr bəzən,
elə yay var ki, əzizim
ot tayaları olmur...
İnan mənə!
Ulduzları olmur bəzən göylərin,
ürəyi olmur bəzi qadınların
Bir əlçim saralmış ot gəzdirir könlündə...!
Çox çalışdın, amma alammadın
bu qadının ürəyini sən də…