Vahid  Aslan - Dağ yolu

Ədəbiyyat 11:48 / 13.10.2026 Baxış sayı: 484

 

Dağların könlünü oxşaya bilsən,

Sən orda əbədi sevgi taparsan;

Bir ömür bəsindi, bəsindi qızım!

Çaylardan bir içim nəğmə aparsan;

 

Çiçək sərgisidi burda yal-yamac,

Bənövşə gözünə oxşayır gözün;

Bax bu yol zirvəyə aparsa səni,

Haçansa qarşına çıxacaq izin;

 

Bilirəm yoxuşu qalxmaq çətindi,

Hələ balacasan balaca, qızım!

Hələlik dağları sevsən bəsindi,

Sabah ürəyin dağ olacaq, qızım!

Əyil, buz bulağın gözünə əyil!

Suyunu nuş elə, nəğməsini iç!

Başı uca olan yıxılan deyil,

Sən də dağları sev, ucalığı seç!

Vətən torpağıdı dağ da, aran da,

Elə aranda da dağ kimi olsan!

Qarşına çox yollar çıxar, unutma,

Unutma, dağlardan başlayan yolsan!