Şakir Xanhüseyinli - SAC
Sac,
işıq da saç,
lap odda belə,
insan həm də işığa ac...
Süfrə sərin,
quru odun,
çırpı gətirin,
sacın altını salın,
o ki soyuqluq sevməz,
bir az isti olun...
Bu yurdun
hər yerinə yayılaq
qış ola, yay ola;
köçəköçdə sacımızı götürək,
unudaq acımızı...
Sac
sacayaq üstündə--
baxın, üç ayaq üstündə...
Taxta tabaq, ağ-ağ kündə,
lavaş bir qulac,
eh, qara sac, qara sac...
Qara sacım ağ üzüm,
kimə baxır bəxt gözü...
yada düşür fəsəlili, fətirli,
gül ətirli nənələr...
Bərəkət qoxusu bürüsün ətrafı,
ocaqda sac,
qabar-qabar zərif əllər, yuxanı aç...
deyilsən nahaqçı, sən haqçı,
ocaq qala, ocaqçı