Kəmaləddin Qədim - DEMƏK Kİ, YAZIYA POZU YOXUYMUŞ...

Ədəbiyyat 11:34 / 13.10.2026 Baxış sayı: 537

 

Nələri itirdim, nələr çıxandan,

Elə bil heç izi-tozu yoxuymuş...

Yoxuymuş, mən sürən ömür adında

dünyanın bir çürük qozu yoxuymuş...

Gəldi bu gələn də haramın üstdə,

Yığdı batmanları qramın üstdə.

Heç bunun hərdən bir yaramın üstdə

səpməyə bir çimdik duzu yoxuymuş...

Oyunmuş nə varsa, oyun, əzəldən,

Qurtara bilmirik boyun əcəldən.

Qoyunmuş sanki bu qoyun əzəldən,

O tifil, südəmər quzu yoxuymuş...

Elə haq dediyin üzüldü bitdi,

Ya ləldi, gövhərdi, qızıldı, bitdi...

Bu da bir şeirdi, yazıldı, bitdi,

Demək ki, yazıya pozu yoxuymuş...