Vahid Aslan : - Bulaq kimi

Ədəbiyyat 14:17 / 29.07.2025 Baxış sayı: 1396

 

Qara gözlüm, qadasını almağa,

Səndən özgə bu dünyada kimim var?!

Dərdlərinə həzin layla çalmağa,

Ürəyimdə sarı-sarı simim var!

 

Aradabir bulud kimi doluram,

Öz içinə yağan yağmur oluram;

Həsrətindən bir andaca soluram,

Nə olsun ki, qulac-qulac zəmim var…

 

Nəğmələrim sevinc payım, qəm payım.

Misra-misra hey ucaldı sarayım.

Dağ çayı tək zilə qalxan harayım,

Bulaq kimi pıçıldayan bəmim var.

06.05.2025