Süleyman Rüstəm, Xalq  şairi : -  Cənub həsrətli ŞEİRLƏR

Ədəbiyyat 12:52 / 05.02.2023 Baxış sayı: 25582

 

“O taylı gözələ”

 

Heç bilirsənmi səninçin nə qədər ağlamışam?

Bürüyübdür məni hicrində kədər, ağlamışam.

 

Durnalarla sənə göndərdim ürək sözlərimi,

Almayıb səndən, aman, yaxşı xəbər ağlamışam.

 

Səpmişəm göz yaşımı şeh kimi Təbriz yoluna,

Bağrıqanlar bilər ancaq nə təhər ağlamışam!

 

Evi zindanlar olub orda bu gün haqlıların,

Kimsəsiz evlərə saldıqca nəzər, ağlamışam.

 

Vəslinin həsrətidir can evimin ilk yarası,

Dostlarım qoy deməsinlər ki, hədər ağlamışam.

 

Vallah, təbrizli gözəl, bil ki, fərağında sənin,

Mən o Məcnunun özündən də betər ağlamışam.

 

  TƏBRİZİM

  

   Baxdıqca hüsnünə doymayır gözüm,

   Təbrizim, Təbrizim, gözəl Təbrizim!

 

   Qoymaram yadları girsin qoynuna,

   İzin ver qolumu salım boynuna!

   Sənin bayramına, sənin toyuna

   Dili bir, qanı bir qardaşın gəlib,

   Dərdinə aşina sirdaşın gəlib.

 

   Sən çıxdın qarşıma duzla, çörəklə,

   Bağından dərdiyin güllə, çiçəklə,

   İkiyə bölünməz saf bir ürəklə,

   Təbrizim, Təbrizim, aman Təbrizim,

 

   Yox olsun başından duman, Təbrizim!

   Qədrini ayrılıq çəkənlər bilər,

   Hicranda göz yaşı tökənlər bilər,

   Ömrünə qaranlıq çökənlər bilər,

   Bağından gül-çiçək dərdim, Təbrizim,

   Yenə təzələndi dərdim, Təbrizim!

  

   Nə qəşəngdir yol boyunca söyüdlər,

   Söyüdlərin kölgəsində igidlər

   Babalardan dinləyirlər öyüdlər,

   Coşur damarlarda qanı, Təbrizim,

   Yoxdur bu mərdlərin sanı, Təbrizim!

 

   Ağlasan ağlaram, gülsən gülərəm,

   Yaşasan yaşaram, ölsən ölərəm,

   Varımı səninlə yarı bölərəm,

   Gəl bir də üzündən öpüm, Təbrizim!

   Başına gül-çiçək səpim, Təbrizim!

  

 

   Nədir o, mənalı, dərin baxışlar?

   Nədir gözlərindən yağan yağışlar?

   Nədir qəlbindəki payızlar, qışlar?

   Yetimtək boynunu burma, Təbrizim!

   Məlul-məlul baxıb durma, Təbrizim!

 

   Sənin çiçəyinə, gülünə qurban!

   Mənə qardaş deyən dilinə qurban!

   Vətəninə qurban, elinə qurban!

   Baxdıqca hüsnünə doymayır gözüm,

   Təbrizim, Təbrizim, gözəl Təbrizim!

 

 

   DİLİMƏ DƏYMƏ

 

   Mən sənin dilinə dəymirəm, cəllad,

   Gəl sən də bu ana dilimə dəymə!

   Sənin də bağın var, gülün var, çəkin,

   Bağımda əkdiyim gülümə dəymə!

 

   Həsədlərlə baxdın çəmənimə sən,

   Gör bir nələr etdin vətənimə sən,

   Yan - deyib, od vurdun bədənimə sən,

   Altında atəş var, külümə dəymə!

 

   Mən ağa ağ dedim, qaraya qara,

   Sən məni istədin çəkəsən dara,

   Yenicə sağalır vurduğun yara,

   Mənim bu yaralı könlümə dəymə!

  

  

   ANAM DİLLİ QARDAŞIM

 

   Dinlə qan qardaşını, qabar əlli qardaşım

   Mən sözlü, mən arzulu, mən könüllü qardaşım,

   Görürəm ki, qanından rəng alıbdır dan yeri,

   Dərdli, qəmli kamanı ürək telli qardaşım.

  

   Azadlıq günəşindən can gəlsin torpağına,

   Təbrizli, savalanlı, ərdəbilli qardaşım.

   Uzun illər kilidli dilin açıldı artıq,

   Doğma anam laylalı, anam dilli qardaşım!

 

   YASİN ƏVƏZİNƏ

  

   Ürəyimin yaxınları, eşidin,

   Diləyimin yaxınları, eşidin:

   İllər yaman artırır bu yaşımı.

   Ya tez, ya gec yerə qoysam başımı, 

   Nə ağlayın, nə də fəryad qoparın,

   Vədinizə əməl edin, nəhayət,

   Məni Araz sahilinə aparın.

   İllərdir ki, qəlbimdədir bu həsrət

   Məzarımı o torpaqda qazdırın,

   Göz yaşımdan yaratmışam bu çayı.

   Məni üzü Təbriz sarı basdırın,

   Qibləm olsun Arazımın o tayı,

   Ancaq, yalnız bircə bunu etməyin,

   Gözlərimin qapağını örtməyin.

   Üfüqlərdən çəkilərkən sis, duman,

   Bəlkə bir də qara torpaq altından -

   Vüsal günü qardaşımı görüm mən.

   Qardaşımı, sirdaşımı görüm mən.

   Mənim əzizlərim, mənim dostlarım,

   Elə bilməyin ki, köçüb gedirəm.

   Yarıya çatıbdır ömür baharım,

   Bir də xahişimi təkrar edirəm:

   Vaxtında dünyadan köçdüyüm gündə,

   Tutsun tabutumdan o taylı əllər.

   Yasin əvəzinə qəbrim üstündə,

   Bir vüsal mahnısı oxusun ellər!