Sona Çərkəz : - Bir roman haqqında təəssüratım

YAZARLAR 10:27 / 19.12.2024 Baxış sayı: 2770

Mən öz ömrümdə etibarlı və ləyaqətli insanlarla hər görüşü bir təsəlli, güvən və ümid işığı sanıram.

Bu yaşadığım az olmayan ömrümdə hər vaxt belə olub və bunlar danılmaz həqiqətə çevrilib mənim  yaşamımda. Həyat bütün təlatümlərinə rəğmən, sanki bu mənada mənim üzümə gülüb, yaxşılar-seçilmişlər, unudulmayanlar, qəlbimə yaxın olanlar nəsib olublar ömrümə, çıxıblar qəflətən qarşıma. Bu insanlarla doğmalaşmamda zaman kəsiyinin, vaxt məhfumunun əsla uzun və qısa olmasının fərqi olmayıb, o fərqi duymamışam...

An var ömrə bərabər, fikri burada da düşündüklərimin təsdiqi oldu. İllər biz insanlara özünü güclü hiss etmək qabiliyyətini də verir və biz həssaslıqla rast gəldiyimiz insanın təmiz münasibətini, sevgisini duymaq, onu yaxın bilib, ömrümüzə daxil edib, dost saymağa başlayırıq... Belə hadisələrlə çox rastlaşan biri kimi bu fikirlərimi burada da açıq-aydın ifadə etməyə çalışıram, əminəm ki, Rəbbim hər kəsin ürəyinə görə verir.

Səhhətimlə bağlı bir neçə il əvvəl qardaş Türkiyədə – Ankarada oldum. Qardaş ölkənin həkimlərinin qəbuluna getməzdən, onlarla görüşməzdən öncə qaldığım yer barədə söz açmaq, ən önəmlisi isə burada, “Yurd” adlanan tələbələr, aspirantlar qalan gözəl yerdə yerləşən məkandan və oranın rəhbərliyi Reyhan xanımdan və onun yardımçısı Nefise xanımdan söz açmaq – konuşmaq istərəm.... Bu gözəl insanları Ankarada yaşayan bibim qızı Sevilə görə tanıdım və bu gün onlara olan sevgim, səmimi münasibətim, hörmətim də Sevilin qəlbindən su içib, mənim ürəyimə yol açdı... Sevil dostların-arkadaşlarına canı-gönüldən bağlanan, onları sevən və daima hörmət bəsləyən gözəl kalpli insandır.

 Reyhan xanım  və orda tanıdığım insanların hamısı yadımda və ağlımdadır... Hər gün Reyhan xanım öz köməkçisini – Nefise xanımı mənə yol arkadaşı olaraq  bərabər  doktorlara göndərirdi ki, mənə  yardımçı olsun. Budur bu insanların böyüklüyü. Bir həftə orada qaldığım müddətdə, elə bildim ki, Reyhan xanımı da, Nefisə xanımı da illərdir tanımışam və bu  gün də onların isti münasibəti bir an belə unutmuram, unutmam da. İndi isə əzizim Reyhan xanımın mənə bağışladığı kitabı haqqında...

                         ***

Əldə etdiyimiz müstəqillik təkcə ölkəmizin daxili, xarici siyasətinin, iqtisadi, mədəni baxımından inkişafını və bir də Azərbaycan vətəndaşının konstitusion hüquqlarının qorunmasının timsalında özünü buruzə vermir. Və hər kəs bilir ki, müstəqillik Azərbaycanın bütün sahələrində bir dövlət olaraq özəlliyidir, varlığının təntənəsidir. Bu müstəqillik həm də bizlərə ölkə xaricində təmsil olunmaq, səfərlər etmək, bir azad insan həyatına yaşamaq imkanını da veribdir. Yaşlı nəsilin unutmadığı bir gerçəklik var. O da sərhədlərimizin SSRİ məkanında ifadə olunması və bizim də bu sərhədlərdən kənara yalnız Moskvanın icazəsi ilə, həm də xüsusi məqamlar və məqsədlər üçün çıxa bilməyimizdə özünü büruzə verirdi. Ona görə də ədəbi əlaqələr, fikir mübadilələri demək olar ki, mümkünsüz bir durumda idi. Xüsusilə Azərbaycan-Türkiyə əlaqələri hər zaman bizi düşündürsə də,  amma neyləyək ki, bağlı sərhədlər bu düşüncələri gerçəkləşdirməkdə bizə mane olurdu.

Şükürlər olsun ki, müstəqil dövlətimiz bir millət, iki dövlət olan Türkiyə-Azərbaycan coğrafiyasını  yaradıcı insanları üçün də əlçatan etdi. Ona görə də hər bir söz adamı, yazıçı və şair öz ədəbi nümunələrini qarşılıqlı olaraq təbliğ və təqdir etmək imkanı  qazandı. Bu mənada mənim üçün önəmli olan bir çox nüanslar var. Onlardan biri də Türkiyə ilə olan ədəbi bağlılığımdır. Yəni mənim qardaş məmləkətə hər səfərimdə yeni-yeni qələm dostları ilə tanışlıq, dostluq reallaşır, gerçəkləşir. Həmin səfərlərin birində çox dəyərli yazar Reyhan Özçiftçi ilə tanışlıq münasibətləri yarandı və bu münasibətlərin fonunda onun nə  qədər duyğusal, mehriban, diqqətçil olduğunu da gördüm, hiss etdim. Söhbətlərimiz zamanı Reyhan xanımın təkcə  çalışdığı Mərkəzdə deyil, bir yazar olaraq onun hüdudlarından kənarda da böyük nüfuz sahibi olduğunu duydum və həmin bu duyğunun da təsdiqi olaraq Reyhan xanım mənə özünün «Gönüldən Şilana» kitabını bağışladı.

Bu kitaba yazdığı səmimi avtoqrafda Reyhan xanım tanışlığımızdan məmnun olduğunu xüsusi qeyd edibdir. Və mən də öz növbəmdə Bakıya qayıdandan sonra Reyhan xanımın bu maraqlı romanını oxudum. Mənim üçün bir oxucu olaraq xüsusi bir məqam cəlbedici oldu. Belə ki, kitabın hər fəslinin girişində Reyhan xanım az qala atalar sözü qədər dəyərli olan fikirləri oxucuya təqdim edir. Məsələn o, romanın birinci fəslində «yalan olan sevgi degildi…», «sevda asla tükənməz… zamanla kəndinə çəki, düzən verib yeni sevgiyə yer açar», «düşünmədən yaşamaq yok olsun başlanğıcdan», «sevilən bədənmidir?, yoksa ruhmu?», «unut deyincə unutmaz ki, gönül, sev deyincə sevmədigi gibi…», «seyr edənlər yaşananın yalnış olduğunu düşünsə də, yaşayan doğru olduğuna inandığı üçün yaşar…».

Mən bunların bir qismini sizə təqdim etməklə həm də romanın nədən bəhs etdiyini, nələri oxucuya aşılamağa çalışdığını bildirmək istəyirəm. Çünki romandakı həyat adama gerçəyin təqdimatıdır. Romanı oxuduqca ordakı yaşam, ordakı duyğular və ən vacibi isə Könüllə Şilan arasındakı sevgi yolunun bütün dolanbacları, bütün keçidləri, hətta müəyyən məqamlarda bir-birindən uzaqlaşmaq, bir-birini görmək istəməmək kimi detalların özündə də o qədər səmimi təqdimat var ki, bir oxucu kimi mənim buna heç bir şübhəm qalmır. Hətta dialoqların canlı olması adama dərhal təsir edir. Hiss edirsən ki, ata övladı ilə, qonşu qonşu ilə yol-yoldaşı olan insan bir-biri ilə məhz bu cür danışa bilir və  bu söhbətlərin içərisində də bizlərin də yaşadığı, bizlərin də müşahidə etdiyi həyat reallığı təbiidir.

 Romanda mənim diqqətimi çəkən bir məqam da yazıçının təxəyyülünün məhsulu olan fantaziyadır. Yəni odun, alovun içərisindən yanmadan keçmək təqdimatı adama ilk öncə fantastik təsir etsə də amma əsərin qəhrəmanının məramı, onun mübarizliyi səni inandırır ki, bu inamın sahibi, bu yolu   seçənin gücü onu oddan, alovdan keçirtmək iqtidarındadı. Hətta həmin məqamda Könülü odların içərisindən götürən bir atlının hadisə yerində olması özü də müəllifin öz qəhrəmanını xilas etmək üçün əsərə əlavə etdiyi bədii düşüncə məhsulu deyil. Bu həm də romanın məntiqi çalarıdı.

 Məhz həmin odun, alovun içərisindən Könül Tanrının onun köməyinə göndərdiyi insanların əl uzatması ilə xilas ola bilər. Ona görə ki, onun ürəyində, ruhunda ilahi güc, ilahi sevgi hakimdi. Və məqsədli şəkildə də seçdiyi yolla gedir.Elə  buradaca  xatırlatmaq  yerinə  düşər ki, romanın qəhrəmanı  etniq  olaraq  Gönül  kürd  qızı,  onun sevdiyi  bəy  isə  türkdür.!!! Onlar  bütöv türk  məmləkətinin övladlarıdır!  Hətta qarşılaşdığı çətinliklər, qəza keçirmək kimi məqamlar onu yolundan döndərmir.  Gönül , nə Taner Ata və nə də Ekrem ağa barəsində düşünərkən özünü inandırır ki, onun həyat hekayəsi ən azından bu insanlar yaşadıqca yaşayacaqdır. Mənə görə ona bu inamı verən də müəllifin sonuncu fəslə verdiyi adın bütün çılpaqlığıdı. Müəllif yazır ki:

«Sevgi yalan degildi…» 

Bəli, Reyhan Özçiftçinin «Gönüldən Şilana» romanı mənə bir daha sevginin təbii ki, həqiqi sevginin yalan olmadığını göstərdi. Bu uğurlu və yadda qalan romanın müəllifinə mən də öz növbəmdə hər zaman  SEVGİ   diləyirəm.