Qəşəm İsabəyli  : - QOÇU ŞƏHƏRƏ ÇIXIR...

YAZARLAR 14:49 / 08.07.2025 Baxış sayı: 1018

(hekayə)

Tələbə yoldaşımız Nizami ki, Tovuzdan Bakıya gə­­­­lir, bir-iki günün içində itən-batan dost-tanışlarımızı tapıb yığır ətrafımıza. Bu dəfə bir az da uzağa getdi – zəng eləyib qədim paytaxtımız Şamaxıya, tələbəlik illərində otaq yol­da­şımız olan Telmanı görüşə çağırdı. Telman da eləmədi tən­bəl­lik, elə səhəri günü daban aldı Bakıya.

–Ay Nizami, şamaxılı balası harda qaldı, görəsən? – Soruşdum.

–Ayə, quşdu bu, uçub gələ?!

–Gənə də sənin informasiyan yanlış olmaz.

–Nəfəsini duyurm, şəhərə girib artıq. Bəs sən özün hardasan?

–Bir azdan maşına minib, gəlirəm.

Qarajdan çıxıb, avtobus dayanacağına yaxınlaşanda fi­kir­ləşirdim ki, görəsən 53 il əvvəl ayrıldığımız Telmanı tanıya biləcəyəmmi? Tini burulanda əvvəlcə Nizamini gör­düm. Qocalıq da yaman kəmfürsətdi, onu bir tərəfi üstə əyib. Yaxınla­şanda heç yanılıb eləmədim – Telmanı da tanıdım. Tələbəlik il­lə­rində arıq-sısqa oğlandan yadigar qalmış yaşlı Telman fizi­ono­miya cəhətcə elə həmin-həminkiydi. Amma rən­gi gənclik təra­vətini itirmiş, sifəti bom-boz olmuşdu. Ma­şını saxladı­ğım anda, quş kimi atılıb mindi qabaq oturacağa. Öpüşüb gö­rüş­üb, tərpən­dik.

–Hara gedirik? – Nizami soruşdu.

O dəqiqə maşın başladı fit çalmağa.

–Telman, kəməri bağla, yoxsa polis səni cərimə elə­yə­cək.

–Niyə məni?!

–Sürücünün yanında oturan kəmər taxmayıbsa, sürücünü yox, onu cərimə eləyirlər, bilmirsən?!

–Kimin nə həddi var məni cərimə eləsin?! Atasını yandıraram!

Ürəyimdə dedim, keçmə də Şirvanlının basıb-bağ­la­mağından!

Gənclik illərində olduğu kimi Telman başını boy­nu­­­nun ça­­ta­­şığından yarı-aşağı, yarı-yana əyib, qoruyucu kə­mə­rin dəmir uclu­ğu­nu ke­çirt­di yerinə.

–Oğlum Bakıda ucamərtəbəli bir tikilinin komen­da­tıdır. – Telman söhbətinə davam elədi, – hər cür vəzifə adamı yaşayır orda. Elə ki, çəti­nə düşür, götürüb o mə­mur­lardan birinə zəng eləyir. Dövlət yol polisi də az qa­la ta­nıyır onu. Biri də cərimə yaza bil­mir. Maşallah, həm də im­kanlıdı. Oğlu ali məktəbə girdi, bir maşın alıb qoy­du al­tına. Qızı ali məktəbə girdi, onu da maşınla sevin­dirdi. Ən ki­çiyi, gəl ki, oxuyan deyildi. O günü Bakıya gələndə gö­rü­rəm iki çan­tayla girdi evə.

–Ay bala, bu nədi?

–Baba, idman zalına getmişdim. Gördüyün bu çan­taların birində pal-paltarımdı, o birində isə dərs kitab­la­rım­.

–Nəəə?! – Mat qaldım.

–Dərs kitablarım.

–Maşallah! Oxumağa başlamısan, deməli?!

–Niyə də oxumayım, baba?! Atam ali məktəbə gi­rən bacı-qardaşıma maşın alıb, onlardan nəyim əskikdi, niyə mə­nim maşınım olmasın?!

Baxdım ki, tələbəlik illərində gördüyüm utancaq, çə­­­­­kin­gən, hər sözünü ölçüb-biçib ağzından ehtiyatla çı­xar­dan Telmana bənzəmirdi bu. Tərs gətirmiş taleyi ilə əlbəyaxa olub, şir kimi döyüşüb, istə­di­yini ondan qopardıb almış bir mübariz igid idi sanki.

Yadıma tələbəlik illəri düşdü. Nizamiydi, Nadir idi, Telman idi, təbii ki, bir də mən, şəhərə çıxmışdıq. Kənd uşaqları ol­du­ğumuzdan sevgi-məhəbbət oyunlarında həm naşıydıq, həm də əlimiz gətirmirdi. Bircə, onu da sonra­dan eşitmişdim, rəhmətlik Əlizadə bizdən zirək çıx­mış­dı. De­yir­lər, bir axçi məşuqəsi də varmış, yəni erməni qızı. Bu qa­­dın da yediz­di­rib-içiz­dirib, evində saxlayırmış Əliza­də­ni.

Bir­dən 3 qız çıxdı qarşımıza. O dəqiqə həyəcandan dilimiz bat­dı. Amma bəxtə-bəxt deyib, izləməyə başladıq onları. Üç on­lar, dörd biz... Belə riyazi təzadı əlüstü hiss eləyən Niza­mi, 3 qeyri-bərabərdi 4 situasiyası­nın gərgin­li­yini görüb, arxada gələn Telmana tərəf çev­rildi:

–Bizə çox yaxın gəlmə, qızlar elə bilər sən də bi­zim­­ləsən!

Telman da utancaq oğlan – gülümsəyib, yerişini ya­vaşıtdı.

Təbii ki, bu bir zarafat idi. Qızlar da bir azdan diq­qə­timizdən yayınıb, öz oylaqlarına çəkildilər. Biz də suyu sü­zü­lə-süzülə qayıtdıq geri...

Telman danışırdı...

–Hara gedirik?! – Nizami soruşdu.

–Ağamahmud gözləyir bizi, onu da götürüb, bir yer­­də oturarıq.

–Ağamahmud... əşşi... işlədi də Şamaxıda, – Tel­man narazılıqla başını yellədi, – Təbiəti mühafizə ida­rə­sində... qor­xaqlıq elədi.

–Nə mənada?

–Şamaxıya ac gəlib, ac da qayıtdı. Adamlar onun yan yörəsində basıb yeyirdi, bu isə... deməli deyil, vallah!

–Ağamahmud halal oğlandı! – dedim.

–İndi halala kimdi qiymət verən?!

–Harda işləyirdin, ay Telman?

–Təyinatımı Bakıya vermişdilər. Ruhu şad olsun nə­nəmin... Allah ölənlərinizə rəhmət eləsin, ata-anamdan çox nənəm idi atam-anam. Baxmayaraq ki, savadsız qadın idi, başına ka­lağayısını salıb, məktəbə – valideyn iclaslarına ge­dər­di, mü­əl­limlər elə bilər­di oxumuşdu, savadlıdı. Özünü ağayana apar­ma­ğı bacarırdı. Arvad eşidəndə Bakıda qala­ca­ğam, de­di, bala, Şamaxıda işlə, gözümüzün qabağında ola­­san!

Mən də Yol idarəsində işə girdim. Baxırdım, asfalt basanlara... 35 dərəcə havanın, 37 dərəcə özlərinin, 40 də­­rəcə də asfaltın istisi, nə elədi? 35, 37...

–112! – Nizami əlüstü cavab verdi.

–...döz görüm, necə dözürsən. Am­ma işləyirdilər ha. Gəl ki, aldıqları da heç nə. Bir gün ida­­­rə mü­dirini əvəz eləməli oldum. Möhür keçdi əlimə. Baş mühəndis idim axı. Həmin ayı 300 alana 450, 500 ala­na 650 yaz­dım, hətta mükafat da verdim onlara. Müdir geri qayı­danda, dedi:

–Telman, inqilab eləmək istəyirsən, de­yə­sən?

–İnqilab nədi?

–Bu səxavətlə hara gedirsən, yoxsa ac qoymaq is­tə­yirsən bizi?!

–Müdir, bu adamlar yazıqdı, it əziyyəti çəkirlər. Mə­­­nim sözümə bax, dediyimi elə, arxayın ol, götürdü­yü­nü də götü­rə­cəksən! Fəhlələr də dolanacaq, biz də. O ayı, heç kimdən bir qəpik də istəmədim. Məni görən kimi biri 50, biri 60, biri 30 qoydu cibimə. Özü də gülə-gülə: “Çox sağ ol, Tel­man müəl­lim!”...

Mat qalmışdıq. Telman yaman dişli danışırdı. Hiss olunurdu ki, qabağından yeməyib. Nə birinci katib, nə icra başçısı. Hətta Bakıdan gedən nüfuzlu Valeh müəllimlə də özü­­­nə­məxsus ərkyanalıqla söz güləşdirib.

–Sən nə işləyirsən burda? – Valeh müəllim soruşdu.

–Baş mühəndisəm.

–Bu yollar niyə bu gündədi?

–Hansı gündə?

–Bərbad!

Baş barmağımla şəhadət barmağımı cütləyib, sürt­­­­düm bir-birinə. Ürəyimdə dedim, birdən başa düş­məz, di­limi də işə saldım:

–Mani-manisi çatmır, Valeh müəllim.

–Nə qədər?

–7 milyon verirsiniz, 5-ni qaytarıb verirəm sizə!

–Adə! – Kişi sevincək mənə yaxınlaşıb, əl qoydu çiy­nimə, – sən bizim adamsan ki!

Nizami özünü saxlaya bilmədi:

–Verdi?!

–Yox, yolu başqasına tapşırdılar tiksin...

Ağamah­mudu da götürüb, gedib oturduq “Murad” res­toranında. Telman otaq yoldaşımız Qoçunu soruşdu:

–Oğru nə əcəb gəlməyib?

–Nə?! – Nizami sərt cavab verdi ona.

–Oğrunu deyirəm?!

–Oğru kimdi?

–Qoçu!

–Ayə, ağzına gələni danışma!

Telman da öz dediyindən geri çəkilmədi:

–Ay Nizami, nə müdafiə eləyirsən, mənim yanımda dəfələrlə oğurluq eləyib Qoçu.

–Sübut?

–Bir dəfə mənə dedi, Telman, bəlkə şəhərə çıxaq?!

–Xeyir ola?

_ O dəqiqə bildirirsən ki, Şamaxılısan!

_Nədən?

_Öz xeyrini güdməkdən!

_Nə xeyir, bəlkə məni aparıb satacaqsan?!

_Qorxma, pula getməzsən!

_Niyə?

_Arıqsan.

_Gənə də nə qarnının ağrısı var şəhərə çıxmaqda?

–Qabaqdan qış gəlir, əynim-başım ya­lın­dı, sənin zövqün yaxşıdı, gedək mənə bir plaş alaq.

Getdik Mərkəzi univermağa. Bilirsiniz da, Univer­maqla Daxili İşlər Nazirliyi ağız-ağızadı. İçəri girib, qış ge­yimləri şöbə­sinə geçib, başladıq plaşlara baxmağa. O vaxtı “balon­nı plaş” deyirdilər, Qoçu birini götürüb, gey­di əy­ninə.

–Necədi?!

–Əla!

–Alə, əla olduğunu bilirəm, əladı, necə yaraşır?!

–Elə bil əyninə biçilib. Baxanda səni bunsuz tə­səvvür eləyə bilmirəm!

–De, papa canı!

–Papa canı!

–Məsləhət bilirsən alım bunu?

–Əlbəttə.

O dəqiqə Qoçu plaşın etiketini cırıb qoydu cibinə. Ya­xa­sını boğazınacan düymələyib, düşdü qabağa:

–Dalımca gəl.

–Qorxuram.

–Niyə qorxursan?

–Tutarlar.

–Alə, dalımca gəl.

Heç nə olmamış kimi çıxdıq univermaqdan.

–İndi hara gedirik?

–Kubinkaya.[1]

Orda bir çolaq kişiylə bir qadın Qoçunu görən kimi cumdular üstünə:

–Nə gətirmisən?

–Əynimdəkini.

–Çıxart!

Qoçu cəld plaşı soyunub atdı bunların üstünə:

–Mağaza qiyməti, məndən yaxşı bilirsiniz, 180 ma­nat­dı, 100 verin, götürün!

–Yarım saat hərlənib, çaydan-zaddan için.

Heç 20 dəqiqə də çəkmədi, gördük alverçi qadın bi­zi çağırır:

–Ay uşaqlar, gəlin pulunuzu aparın!

Ağamahmud dedi:

–Əl radiosunu bilirdim, bunu yox. – Amma Qoçu­ həm səxavətliydi, bir tikəsini beş adamla bölərdi, həm də qoçu idi ki, qoçu. Yadınızda olar, böyük bir qas­tro­nom aç­mışdılar yataqxanadan yuxarı. Bir dəfə nəsə alır­dım ordan, bir nəfərlə, elə mən yaşda olardı, sözümüz çəp gəldi. Sa­vaş­ıb eləmirdik, nəyisə aydınlaşdırmaq istəyirdik. Birdən tanış bir səs dəydi qulağıma:

–Alə, sən kimsən belə?! – Dalıyca da mənimlə söh­bət­ eləyən oğlanın baş-gözünə şarap... şap...

Baxdım ki, Qoçudu, az qalırdı oğlana kəllə atsın, güc­­­lə tutub saxladım:

–Ay Qoçu, neylədiyindi?!

–Alə, sənə söz deyir bu?!

–Söz nədi, danışırdıq. – Atan yaxşı, anan yaxşı... birtəhər sakit elədim.

–Rəhmətlik atası, hər gəlib gedəndə mənə tapşı­rar­dı Qoçunu: “Bala, bundan muğayat ol, dalaşıb-eləməsin!”. – dedim.

–Bayaq əl radiosu dedin ey, Ağa... – Nizami soruşdu.

–Onu məndən soruş. – Telman sinəsini verdi qaba­ğa.

–Niyə səndən?! – Ağa soruşdu.

–Mənim yanımda olub əhvalat.

–Danış, Telman, – dedim.

–Bir gün, Qoçu dedi, bəlkə şəhərə çlxaq?

–Xeyirdi?!

–Nə xeyir axtarırsan, tavana baxmaqdan gözüm ağrıyır, gözəl-göyçək qızlara baxarıq heç olmasa!

Bir xeyli gəzib-dolanıb, gözü­mü­zün qurdunu öldürəndən sonra gəl­dik dayanacağa. 60 saylı avtobusu gözləyirdik. İnsafən tez də gəldi. Qoçunun bir xa­siy­yəti vardı – avtobusa qabaq qa­pıdan mi­nərdi. Arxaya boy­lanar, ya əyləşər, ya da sərni­şin­ləri yarıb ke­çərdi dal otu­racağa. Bu dəfə də... gördüm ar­xada bir qa­dın əyləşib, əlində radio. Onda radiolu olmaq hər ada­mın işi deyildi.

–Dalımca gəl, – Qoçu yeriyib, qadının sağ tərə­fində oturdu. Mən də qaldım ayaq üstə. Başladı qadını sorğu-suala tutmağa. Bir azdan qadın radionu verdi Qo­çuya­. O da dalğaları dəyişə-dəyişə, deyərdim ki, oy­nayırdı radio ilə. Birdən başını qaldırıb, mənə göz vurdu. Bildim ki, “üçüncü artıqdı” deyir. Növbəti dayanacaqda avtobusdan düş­düm. Deyə bilmərəm 1 saat çəkdi, saat yarım çək­di, ya­­taq­xa­na­ya qayıdanda, gördüm otağımızdan səs gə­lir. Qa­­pı­nı açan­da baxdım ki, Qo­çu çarpayıda uzanıb, aya­ğını da qaldırıb qoyub ayağının üstünə, əlindəki radioya qulaq asır.

–Bu nədir, Qoçu?!

–Görmürsən?!

–Görürəm... qadının radiosuna oxşayır bu.

–Oxşayıra bax ey?! Alə, özüdür ki, var!

–Necə?!

–Səndən sonra bir dayanacaq gedib, biz də düş­dük. 100 addım yeriməmişdik, qadın paltosunu çıxardıb verdi mənə, radionu da üstəlik:

–Sən bunları saxla, mən tualetə dəyib qayıdıram.

–Sən də əkişdirdin, hə?!

–Alə, boş-boş danışma, o, boyda namərdlik olar?! Oğurluq eləyəndə kişi kimi oğurluq eləmək lazımdı.

–Necə?!

–Necəsi yoxdu ki. Qadın mənə etibar eləyibsə, mən onun etibarından sui-istifadə eləyə bilməzdim. Bir azdan qayıdıb gəldi. Paltonu tutdum, geyindi, radionu da alıb ba­ğını taxdı qoluna. Fikir məni götürdü – indi bu ra­di­onu ne­cə alım bunun əlindən. Çox götür-qoydan sonra qə­fil əl atdım radioya, dartdım, bağı qırıldı, radio qaldı əlim­də, qa­dın da ağzı üstə gəldi yerə. Götürüldüm. Bir də gör­düm dalımca qaranəfəs biri gəlir. Geri çevrilib, qaça-qaça de­dim:

–Alə, hara gəlirsən, mənə çata bilərsən?! – tüpür­düm da­banıma.

–İndi biz bunu dinləyə bilərik, Qoçu?!

–Qurbandı!

–Günah deyil ki?!

–Niyə günah olur?!

–Oğurluqdu axı!

Qoçu birdən sıçrayıb durub oturdu yerin içində. Özüm də qorxdum, elə bildim qalxıb mənə kəllə atacaq. Amma qaş­la­rını çatıb, acıq­lı-acıqlı məni süzdü:

–Alə, molla olmusan, Quran oxuyursan?! Nə tez ya­dın­dan çıxartdın, acın­dan ağzınızın qara suyu bur­nu­nuza qa­rı­şan­da, bazardan çır­pışdırıb gətir­dik­lə­rimi?! Nə yaxşı on­ları tə­pib-tə­­piş­dirəndə  günah olmur­du, indi radi­o­nun quru səsinə qulaq as­maq günah olur?!

30.06.-08.07.2025

[1] Kubinka – Sovet dövründə “qara bazar”.

[2] Təpib-təpişdirmək – acgözlüklə basıb mədəni doldurmaq.