Coşqun Xəliloğlu  : - QURUÇAY

YAZARLAR 12:49 / 07.07.2025 Baxış sayı: 1379

 

(Qısa hekayə)

Otağımızın qapısı döyüldü. – Buyur, gəl,- dedim.

Gülxan idi. Həmişəki kimi “Bir atım çayınız olmaz?”- soruşdu.

Çay qutusundan dəftər varağına bir qədər çay tökdüm, verdim Gülxana. ”Sağ olun”-deyib çıxdı. Otaq yoldaşlarım Zabitlə Nahid bir-birinə baxıb güldülər.

–Ayə, bu Quruçay – Gülxanı öz aramızda belə çağırardıq –lap bizi təngə gətirib. Axşam-sabah, hər gün çaya gəlir. Adam da utanır, ”yoxdu” deməyə. Biz də tələbəyik, çayı havayı almırıq ki... Zabit deyindi.

Nahid:

–Siz “Hə” deyin, mən ona çay istəməyi tərgitdirim.

–Tərgitdirə bilirsən, tərgitdir də. – Mən gülümsündüm.

Səhəri gün Nahid bir qutu bahalı Seylon çayı aldı. Qutunu boşaltdı boş bir qaba və gülə-gülə:

–Bu qutuda Gülxan üçün çay tədarük edəcəyik.

Həmin gündən etibarən hər dəfə çayniki təmizləyəndə işlənmiş çayı yığaraq başladıq qurutmağa. Nəhayət, çayın hamısı içilib qurtaranda boş qutu da doldu. Nahid çay qutisunun ağzını səliqə ilə yapışdırdı:

–Bu, Gülxanın çayıdır. Nə vaxt gəlsə, verin ona.

...Sabahkı dərslərimizi hazırlayıb yatağımıza yenicə girmişdik ki, Gülxanın səsini eşitdik:

–Mənə bir atım quru çay verin.

–Şkafı aç, yuxarı gözdəki çayı götür-Nahid dilləndi.

–Hamısını?

–Hə, hamısını. Bizim var.

–Sağ olun, əla. Qonağım gəlib. Lap yaxşı oldu, sizin sağiığınıza bala-bala içərik.

Gülməkdən özümüzü güclə saxlamışdıq.

Gülxan çıxdı. Bir daha onu qonşulardan quru çay istəyən görmədik.

Şəkilin açıqlaması yoxdur.