Sevil Azadqızı - NƏ YAXŞI
Sən gedəni gözlərimi
yollarından asmışam,
Sənsizliyin qoynunda
səsimi içimdə qısmışam.
Sənli xatirələrə laylay deyirəm kor gecələrdə.
Sükuta könül vermişəm
gör nə zamandır,
Gündüzlərin ovutması, gecələrin ağlatması yamandır.
Getdin, o gündən bəri bir xəbər də yox səndən,
Nə zəng edirsən, nə xəbər alırsan gəlib gedəndən.
Heç olmasa bilim necəsən, hərdən darıxırsanmı?
Ürəyin göynəyirmi, sinən yanırmı məndən ötəri?
Günlərin hesabını soruşuram yollardan,
nə zaman gələrsən deyə.
Sənin darıxdığından xəbərim yox,
sualdır mənim üçün,
Nə yerə sığıram, nə də əlim yetməyən göyə.
Ay insafsız, barı hərdən zəng eylə,
darıxdığını söylə,
Ən yaxşısı yığ gözümü yollardan,
Qayıt, bezmişəm qeylü-qallardan.
Nə yaxşı bir salam yazdın bu gün,
Nə yaxşı gəldim dedin,
Nə yaxşı ki "gəl görüşək, tez gəl",
"Gözləyirəm səni, Gülüm", dedin...
Nə yaxşı qayıtdın uzaq yollardan, Ruhum!..