Şakir Xanhüseyn : - ŞƏLƏ

şələ- şəhd-şirəli, özlü sözlərimizdən biri;
şirə demişkən, hər gülün, çiçəyin, otun
şirəlilik oranı bir deyil,
bunu bil...
ancaq arı
son anda əsl(əsil!) bal sunur süfrəmizə,
şeirlə balın bu açıdan bənzərliyi var...
şələ...nağıllarımızdan çox keçən bir söz--
köz basılır yarama, köz--
filankəs meşəyə gedib odundan,
çırpıdan şələ bağlar, keçimini bu minvalla
sağlardı..."ya şələ lələni, ya lələ şələni",
-şələn ağırdı?
- yox, bu dağlar qədər yüngül;
(gülür)....
şələ necə bağlanırdı?
daha çox kəndirdən istifadə edilərdi,
məktəbli çantasını
uşaqlar necə bellərinə keçirir
eynən o cür...
yeri gəlmişkən, indiki uşaqlar elə ilk gündən şələ götürməyə- ağır şələ götürməyə-
öyrəşirlər;
insan anadan doğulanda
"axır gününü yad eləyib" ağladığı kimi,
illər sonrası şələsinin ağır olacağı
ona- uşağa sanki götürdüyü çantayla
qabaqcadan bəlli olur...
şələ... daha nə deyim,
qoy bir fikirləşim hələ, hə, şələ... kürək
zoqquldayır, nəfəs tıncıxır, ən pisi bizim
gözə görünməyən
şələlər daşımağımızdı, (yazan beləmi yazdı?)...
şələmizi bir az da- (çox!) ağırlaşdıran
şirəmizə "qonanlardı";
eləcə gəlir ardı...
şələ...şərə düşməkdi bir yerdə...
yükün, əlindəsə də,
bütün əzalarına ağırlığını salır-- çiyninə,
beyninə, başına, ürəyinə...
Şələ, belə...bəzən hiss edirsən
özün özünə şələsən--
şələn ağırdı özünlə!..
aprel 2025