Şakir Xanhüseyn : - ŞƏHİD şeir

Ədəbiyyat 11:52 / 22.09.2023 Baxış sayı: 4700

 

 

Bir gündə hər saata

düşdü iki, üç şəhid...

...Boynumuzun ardında

Var hey bir qılınc, şəhid...

 

Qurbanlığı sandın yol;

Yaşın cəmi iki on...

Doğma yurd...dedin ilk o,

Başqa hər şey puç, şəhid...

 

Anana ruzu- qəmin,

Atana ruzu- qəmin;

Getməz bu azuqənin

Dadı, tamı heç, şəhid...

 

Bu cür olmalı dedin--

Vətən qalmalı dedin;

Hamı qalxmalı,-dedin,

Nə tezdi, nə gec, şəhid?

 

Qatlamadın diz, yumdun,

Gördük, axı, biz, yumdun;

Torpaq üstdə göz yumdun,

Torpaq altda aç, şəhid!

 

Ay elə gəldi gedər,

Gün belə gəldi gedər;

Ay bizə ağır kədər,

Ay bizə güvənc şəhid!