Nazim Əhmədli - XOCALI

Ədəbiyyat 09:58 / 26.02.2026 Baxış sayı: 573

 

O gecə qar yağmadı,

qan yağdı o şəhərə;

o şəhər o gecədən,

sağ çıxmadı, səhərə;

hansı bayquş uladı,

o şəhərin üstünə;

ölüm qanad sərmişdi,

o səhərin üstünə;

o gecədən səhərə,

yollar da görünmədi;

dağlar da, düşmən oldu,

dumana bürünmədi;

güllələr ilan kimi,

qıvrılırdı gecədə;

yüzlərlə ölüm vardı,

yolda, izdə, küçədə;

göy üzü qan qusurdu,

anaların səsinə;

adamlar qızınırdı,

ölümün nəfəsinə;

Xocalı can verirdi,

gecə qollarım üstə;

qırmızı qan axırdı,

sel tək yolların üstə;

Xocalı can verirdi,

gecənin ağuşunda;

vətən hamilə idi,

bir dərdin yağışına;

nə dünya, nə göy üzü,

nə də, Tanrı bilmədi;

Xocalının göz yaşın,

o gün kimsə silmədi;

o şəhər ağlar qaldı,

bu dünyünın heçində;

mən də, bir şəhid oldum,

o gecənin içində.