MUSTAFA ÇƏMƏNLİ : -  DUYĞULAR–DEYİMLƏR

YAZARLAR 12:54 / 06.09.2022 Baxış sayı: 2281


İlahi, gör ömrümün günləri necə sürətlə keçir...Hər açılan səhərdən ömrümə nəsə yazmaq istəyirəm.
***
Sənə irad tutmağım nəticə etibarı ilə sənin xeyrinədir. Amma sonda sənin ürəyində hörmətini itirən mən olacam.
***
Ağa Məhəmməd şah Qacarın axtalığı – fizikidir. O əsl kişidir.
***
Boy uca, gözlər qəşəng, di gəl rəftarı erkək rəftarı. Sözü içindən keçirib demir, sözün üstündən keçib deyir.
***
Soruşdum:
–Sən insanın çiçəkləməsini görmüsənmi?
-Yox– dedi.
–Təəssüf. Sən özün bu gözəl bahar çağında çiçəkləmisən, əzizim.
     
***
Çoxluq içində darıxdım. Müğənniyə pul verib oxutdular, ancaq ortalıqda içgi olduğundan ona qulaq asan olmadı.
***
Xalqa ancaq şairi, yazıçını, müğənnini... bu qədər sevdirmək, onları fetişləşdirmək nəyə lazımdır. Bizə daha çox qəhrəmanlar gərəkdir. Millətimizə qəhrəmanlıq ruhunu qaytaraq.
***
Ruhun azadlığından böyük, daha vacib heç nə yoxdur. Ruhun AZAD deyilsə, azadlıqda olsan belə, azadlıqda deyilsən.
***
  Mənə əzab verən sənin varlığın deyil, sənin təkəbürlü səfehliyindir.
***
  Əl çaldırmaq üçün kütlənin səviyəsinə enmək diriykən ölməyə bərabərdir.
***
  Ağıçı özgəsinin ölüsünü elə ağlayır ki, heç doğmaca atasını elə ağlamayıb.
***
  Çox sifətlər, çox rənglər gördük. Amma sifətdəki  saxta kədər rəngini görəndə çaşdım.
***
Həyatda erkək cildinə girən qadınlarımız artdığı bir vaxtda, doğrusu,  səhnədə  arvad donunu geyinməyə  həvəs göstərən aktyorları  başa düşə bilmirəm.
***
Öz ağır xasiyyəti ilə ərinin başını ağartdı, sonra söylədi ki, ağ saçlardan xoşum gəlir.
***
Hər gün  nəsə yazmaq haqqında düşünürəm və yazmağa hazıram. Xoşbətlikdən heç nə yazmıram.
***
 Müsibət adamdır, diriləri sevmir, dünyasını çoxdan itirmişləri tərifləyir.
***
Bir vaxtlar tarzən Kamil Əhmədovun Seyid Şuşinski haqqında xatirələrini qələmə alardım, indi isə onun haqqında xatirə yazıram.
***
Əlbəttə, hər  bacadan baxmaq olmur.
***     
Həssas danışır, həssas  düşünmür.
***
Özünü itirdim, səsini yox.
***
Əsrlərə baxanda adama əlçatmaz, ünyetməz gəlir. Ancaq yadaşdan yaddaşa keçib yüzilliklərə baş vurmaq olar. Əgər mənəvi  yaddaş teli qırılmayıbsa.
***
Ona o qədər yazıq gözü ilə baxıblar,yazıq olmağa vərdiş  edibdir.
***
Platon yazırdı: “Hər kəsdə hansısa qorxunc, qanunsuz və vəhşi bir arzu növü gizlənir”.
***
Güclü əllərin məngənəsində boğulan insan bu dünyanı bərəlmiş gözlərlə seyr edə bilməz.
***
Kamil adam cahil adamın yanında ağıllı görünə bilməz.
***
Alçağı adam yerinə qoyanda çaşıb adamı alçaldar.
***
Sadəliyi başa düşməyənlərə təkəbürlü olmaq gərəkdir.
***
Başa düşənin yanında sadəlik böyüklükdür.
***
Ötüb keçən hər günün budağından bar dərməyə tələs.
***
Qaranlıq gecənin bağrından siyrilib ağ günlərə çıxdım.
***
Zərif vücudunda bu güclü iradə hardandı bilmirəm.
***
Sev ki, durulasan.Gəl ey gözğörünməz eşq. Gəl ki, həyata qayıdım.
***
 Dostlar, ürəyimi boşalmağa qoymayın.
***
Bu gün  Xudu müəllimi andım. Bu böyük  alimin sadəliyini xatırlayıb ona Allahdan rəhmət dilədim.
***
  Özündənrazı adam dünyanın ən bədbəxt adamıdı.
***
 Biz bu dünüyaya şəkil çəkdirməyə gəlmişdik, çəkdirib getdik.
***
 Mən səni gözlərimlə oğurlayıb apardım.
***
Dahi Üzeyir bəy yazırdı: “Bir millətin ki,  dili  batdı, onda o millətin özü də batar. Üçünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir.” Biz xalq olaraq Üzeyir bəyin bu kəlamlarını sırğa edib qulağımızdan asmalıyıq.
***
 Xanəndə Əbülfət Əliyevlə görüşəndə məsəl çəkərdi:
–Taxt mənimdi, üstündə yatmıram altında yatıram.
–Babalarımızın bir atı, bir xəncəri vardi, torpağı bununla qoruyurdu.
***
Məsəldi, bablı babıynan, atlaz qabıynan.
***
Sözün ürəyimdə göyərdi.
***
Sözü özündən göyçək.
***
Dünya yaranandan kişi qadından, qadın  kişidən baş açmağa çalışır. Bir birinə möhtac, bir birini tamamlayan bu iki varlıq həmişə axtarışda, dərk etmək, anlamaq amacındadır.                                                                               
                                                                     ***
Zahiri gözəlliyinə görə sən ancaq Yaradanına borclusan. Əsl gözəllik sənin ruhunda olmalıdır.

Avqust, 2022