Arzu Əsəd : - ADAM KİMİ geyinmək

YAZARLAR 12:24 / 29.07.2025 Baxış sayı: 1392

Hər şöhrətin bir bədəli, bir öhdəliyi var. Avroviziyanın qalibi ona bəxş edilən şöhrətin müqabilində ona yüklənən vəzifələri də həyata keçirməlidir. Azərbaycanda hicabla örtünən qadınların əksəriyyətinin də bunu öz xoşlarına etmədikləri məlumdur. Cəmiyyətimizdə təzadların, ifratların, dəyər və dəyərsizliklərin mübarizəsi həm də ən həssas nöqtə olan zərif cinslər üzərindən aparılır.

Qadının israrla soyundurulması yalnız əxlaq və mədəniyyət məsələsi deyil, müasir geosiyasətin hədəflərindəndir. Avroviziya qlobal güclərin yeritdiyi ideoloji istiqamətlərdən biri olan transhumanizmin məqsədlərini həyata keçirən əsas institutlardan biridir. Transhumanizm insanın, insanlığın məzmun və mahiyyətini keçən, aşan bir istiqamətdir. Radikal liberalizm mütləq azadlıq adı altında insanı öncə dindən, kilsədən, sonra dövlətdən "azad etdi". Nəhayət, yerdə qalan sonuncu "asılılıqdan" - ikilikdən, cinsiyyətindən, qadın və kişiliyindən "azad etmək" istəyir. Bununla da onlar müəyyən problemləri, eləcə də demoqrafik problemi həll etməyi hədəfləyirlər.

Nigar Camal da, eləcə də, geyimin əxlaqa, mədəniyyətə dəxli yoxdur deyə soyunan digər müğənnilərimiz də transhumanizmin ölkədəki agentləri, daşıyıcıları, görəvliləri, missionerləridirlər. Əlbəttə, bunu özləri də anlamırlar. Çünki agentlər, missionerlər görəvlərini mükəmməl, proqrama uyğun yerinə yetirsinlər deyə əvvəl zombiləşdirilir, sonra lazımi cəmiyyət içində vəzifələndirilirlər. Hicab isə digər ifratdır, heç də soyunmağın yaratdığı problemlərdən az problem yaratmır.

Cəmiyyətdə azadlığın və zərurətin ölçüsü düzgün müəyyənləşdirilməlidir. Dialektikanın ən mühüm məqamı kəmiyyət və keyfiyyət dəyişmələri arasında olan ÖLÇÜ anlayışıdır. Min illər ərzində insanlıq öz məzmun və mahiyyətini məhz ölçü anlayışını gözləyərək qoruyub saxlaya bilib.

Geyim insanlığın tarixi-mənəvi inkişafının zahirdəki ölçü məqamıdır. O ölçünün olması insanın, insanlığın mahiyyətinin, məzmununun və bu mahiyyət və məzmunu qoruyub saxlayan mənəvi-əxlaqi göstəricilərin də ölçüsünün qorunmasıdır. Sağlam düşüncə bu ölçünü gözləyir. "Zahirin batinə, batinin zahirə, geyimin əxlaqa, mənəviyyata aidiyyatı yoxdur" aldatmacası məhz bu ölçünün pozulmasının, yəni ya insanın ruhi-psixoloji sağlamlığının qaydasında olmadığının, yaxud da cəmiyyət əxlaqını korlamaq üçün görəvləndirilən transhumanizm missionerlərinin qəsdli, niyyətli davranışlarının göstəriciləridir. Cəmiyyətdə azadlıq və zərurətin nisbəti, ÖLÇÜsü tələb edir ki, nə azadlığı zorlayacaq dərəcədə örtünəsən, nə də zərurətin yox olunmasına yönəlik dərəcədə soyunasan.

Xalqın minillik təcrübəsi bunu sadəcə ADAM KİMİ geyinmək deyə təsbit edib.