Musa Yaqub - Etiraf eylə.
Demə çöldə gülüm, dağda qarımsan,
Sevgidə son sözüm, son baharımsan.
Sən mənim bir tale günahkarımsan
Daha nə mərhəmət, nə insaf eylə,
Çinar kölgəsində yasəmən kimi
Əyil günahını etiraf eylə.
Mizan-tərəzidir dünyada sevgi,
Gərək əyilməsin o daş, o çəki.
Yoxdur bu bölgüdə mənim səninki,
Barı bir sözünü burda saf eylə
Atıb o pərsəngi yüngülləş bir az,
Qalxıb günahını etiraf eylə.
Yox, heç bir arıya gərək deyiləm,
Çünki mən şirəli çiçək deyiləm.
Elə də sinsinmiş ürək deyiləm
Ki, onu oynadıb, atıb kef eylə.
Bir dolu zərbindən qırılan gülü
Qaldır, günahını etiraf eylə.
Dəftər tanıyırsan, qələm bilirsən,
Səninçin kim oldum, kiməm bilirsən.
Mən elə bir sarı siməm, bilirsən
Sən onu mismarla çaldın xof eylə
Daha o pərdədə oxumaz o sim
Bilib günahını etiraf eylə.
Sənin sevgi yolun yolun bozudu,
Elə bil ürəyin bulaq buzudu.
Təbəssümün gülə çilənmiş sudu -
Ondan işıq düşməz mənə bir gilə,
Sən ki, şeh deyilsən düş o ləçəkdən
Düşüb günahını etiraf eylə.
Mən qanad verənəm, sən qanad yoran,
Könlümün içində könlümü qıran,
Bir sevda üstündə min oyun quran -
Özünü nə arif, nə sərraf eylə,
Quqqu quşu kimi özgə yuvadan
Çəkil, günahını etiraf eylə.