Həzi Həsənli yazır: Getdik, gəzdik biz Xızı dağlarını…
Səyahət etüdləri
Tanrının yaratdığı gözəl Xızı dağlarının qoynunda bir neçə dəfə olmuşam. Amma hər dəfə Xızıya gələndə elə bilirəm ki, bu yerləri ilk dəfə görürəm. Gözəlliyi seyr etməkdən doymaq olmur. Xızının gözəl təbiəti, yaşıl meşələrinin saf havası könül oxşayır, hər tərəfində arxalı dağlar görünür.
Rayonun bəzi kəndlərində torpaq yolla getməyin çətinlikləri hiss olunsa da, Xızının dağ yolları sahmana salınıb, gediş – gəliş asanlaşıb. Neçə - neçə səyahət marşrutları, obyektlər açılıb. Əlbəttə, səfalı təbiət, sərin hava, rahat yollar çox insanları cəlb edir.
Gözəl mənzərəli, füsünkar dağlarla əhatə olunmuş Xızıya çatanda vaxtın necə keçdiyindən xəbərimiz olmadı. Söz adamlarının yolçuluğu və poetik söhbətləri o qədər maraqlı olur ki... Fikir qönçələri, söz möcüzələri uzaq yolu yaxın edir. Emil idi, Elnur idi, Qılman idi, mən idim... Yolboyu isti duyğuların içindən keçib Xızı dağlarının sərin qoynuna gedirdik. Bir – birimizə şeir oxumağımız duyğularımızı daha da dolğunlaşdırırdı...
***
Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə Ağasəfa müəllimin sanki sözlə rəsmini çəkib. O, yazır: “Müasir sivilizasiyalı, qaynar həyatlı şəhəri gözdən, könüldən uzaq bir dağ kəndində yoxsul komaya dəyişən, bununla da özünü dünyanın ən xoşbəxt, bəxtəvər insanı sayan bir şairimiz var - Ağasəfa.
Artıq 30 ildir, Xızı rayonunun Qarabulaq kəndində, öz doğulduğu kənddə məskən salan Ağasəfa rəngarəng dağların əzəmətindən, zəngin meşələrin, qaynar bulaqların, cağlayan dağ şəlalələrinin əsrarəngiz, füsunkar gözəlliyindən, təmiz dağ havasından ilhamlanaraq, gözəl sənət incilərinə imzanı məhz bu kənddə qoyur.
İllərdir, kənddə həm müəllimliklə, həm də şairliklə məşğul olan Ağasəfa heç də şəhərin xiffətini çəkmir, əslində şəhərlə kəndə özünün prizmasından baxır:
Kəndin ocağında od var,
Qızıl közü şəhərdədir.
Kənd ömür-gün aynasıdır,
Görüntüsü şəhərdədir.”
***
Qafar müəllimin bu məqaləsi şairin görüşünə getməyimizə bir vəsilə oldu. Xızıya gələn söz adamlarının şair Ağasəfanı ziyarət etməsi ənənə halını alıb.
... Xızıya çatanda ilk getdiyimiz ünvan da şair Ağasəfanın yaşadığı Qarabulaq kəndi idi. Orada Ağasəfanın özünün yurd yeri var. Bir tərəfində meşəli, digər tərəfində çılpaq çəhrayı dağlar göz oxşayır. Amma Qarabulağın özündə isə yastı – yapalaq, uçub dağılmış sahibsiz evlər könül göynədir, gileyli görünür ...
Burada yaşamağın müəyyən çətinlikləri olsa da, şair Ağasəfa öz yurd sevgisinə sadiq qalıb. O, Xızı torpağının dilini, tarixini yaxşı bilir. Xızının şərəfli tarixini yaddaşının dərin qatlarında yaşadıb, bu tarixdən bizlərə də yerli – yataqlı bilgilər verir. Vaxtilə əcdadlarının yaşadığı o yerlərin hər qarışının tarixinə yaxşı bələddir. Xızının daşını, torpağını, havasını sevdiyindən 50 yaşından sonra Bakıdan ata – baba yurduna köçüb. Xızıda yaşamağa qərar verib. Çünki Xızını çox sevir, Xızı da ona qucaq açıb, öz qoynunda yer verib. Şəhərdən kəndə köçdükdən sonra nə az, nə çox, düz 20 il Qarabulaq kəndində müəllim işləyib.
Şairin həyətində arıların çiçəklərdən bal daşımasını da bir anlıq seyr etdim. Xızı dağlarının bal şirinliyində gözəlliklərini özlərinə məskən seçmiş, dağ çiçəklərindən şirə çəkən arıların da bir ayrı aləmi var...
***
Qızıl Qazmada, təbiətin səfalı qoynunda çay süfrəsi ətrafında Ağasəfa müəllimin söhbətini maraqla dinləyirdik. Şair Ağasəfa sadə və müdrik insandır. Canlı tarix olan şairin sözü – söhbəti də canlı tarix kimi yaddaşımıza yazıldı.
O, ayrı – ayrı vaxtlarda ədəbi cameədə Seyfəddin Dağlı, Nəbi Xəzri, Qabil, Fikrət Qoca, Şəkər Aslan, Ağa Laçınlı, Cabir Novruz, Məmməd Aslan, Hüseyn Arif, Əliağa Kürçaylı kimi tanınmış simalarla birlikdə çalışdığından söhbət açdı. Onların haqqında xoş xatirələrini danışdı. Unudulmaz və kövrək xatirələri Ağasəfa müəllimin öz dilindən eşitmək maraqlı idi.
***
Orada daha bir maraqlı həmsöhbətimiz isə Azərbaycanın idman tarixinə öz adını şərəflə yazan məşhur idmançı Adil Sadıqov oldu. O, eyni vaxtda üç idman növü üzrə (cüdo, sambo, güləş) SSRİ idman ustasıdır.
Adil Sadıqovun adını Azərbaycanın idman tarixinə yazan maraqlı məqamlar olub. O məqamlardan biri də mətbuatdan oxuduğum və özünün də dediyinə görə, Rusiya Prezidenti Vladimir Putini vaxtilə yarışda məğlub etməsidir. Bu haqda Adil Sadıqovun mətbuata verdiyi açıqlamada oxuyuruq:
“Mən Putindən beş yaş böyüyəm. 1972 – ci ildə Qorkidə (indiki Nijni Novqorod) Sovet İttifaqı Qəhrəmanı Talanuşkinin xatirəsinə həsr olunmuş sambo turniri keçirilirdi. İlk mərhələdə Leninqradın “Burevestnik” cəmiyyətini təmsil edən Vladimir Putinlə rəqib oldum və onu məğlub etdim. Həmin turnirdə Putin yer tuta bilmədi, mən üçüncü oldum. Sonralar Putinlə yox, amma onun məşqçisi Raxlinlə dost olduq...”
***
Xızıda Cəfər Cabbarlının ev muzeyi də çoxlarının marağını çəkir. Bu muzeyin öz tarixi, öz taleyi var... Biz də Cəfər Cabbarlının hüzuruna getdik. Muzeyin direktoru Həcər Rəsulova bizi çox mehribançılıqla qarşıladı. Muzeyin yaranma tarixi ilə bağlı məlumat verdi və dedi:
- Cəfər Cabbarlı 1899-cu il martın 20-də bu evdə dünyaya göz açıb. Üç otaqdan ibarət birmərtəbəli ev görkəmli dramaturqun həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb, 13 ildən sonra muzey kimi qeydiyyata alınıb.
Böyük ədibin 100 illiyinin qeyd edilməsi ərəfəsində muzeydə yenidənqurma və təmir – bərpa işləri həyata keçirilib. Eyni zamanda Xızı şəhərinin mərkəzində Cəfər Cabbarlının möhtəşəm heykəli ucaldılıb.
Muzeydə qorunub saxlanılan eksponatlar əsasən, Cəfər Cabbarlının ailəsinin məişətdə işlətdiyi əşyalar, yazıçının kitabları, əsərlərinin fotoşəkilləri, müxtəlif arxiv sənədləri, qəzet və jurnallarda çap olunmuş məqalələrindən, mürəkkəblə yazan qələmindən ibarətdir.
Muzeydə 520 eksponat saxlanılır. Eksponatlar arasında Cəfər Cabbarlının körpə vaxtı yaşadığı evin maketi və anası Şahbikə xanımın istifadə etdiyi məişət əşyaları da var. Hər il yüzlərlə insan Cəfər Cabbarlının ev-muzeyini ziyarət edir. Onun həyat və yaradıcılığı ilə bağlı eksponatlarla tanış olurlar. Ziyarətçilər arasında Xızıya qonaq gələn qələm adamlarına və məktəblilərə daha çox rast gəlinir.
***
Bir mahnıda deyildiyi kimi – “Getdik, gəzdik biz Xızı dağlarını.” Xızı səyahətimiz uğurlu oldu, maraqlı keçdi. Maraqlı görüşlərimiz bizə sevinc gətirdi, xoş xatirəyə döndü. Qafar Əsgərzadə də sağ olsun, özünün FB səhifəsində bu maraqlı görüşlə bağlı xəbər paylaşdı: “ Əslən Qərbi Azərbaycandan olan şairlər – Emil Yavəroğlu, Elnur İrəvanlı, Qılman İman və Borçalıdan Həzi Həsənli Xızıda, Qarabulaq kəndində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur 60 – lar nəslinin sonuncu magikan şairi Ağasəfanı ziyarət etdilər, ondan ustad dərsləri aldılar, söz – sənət haqqında fikir mübadiləsi apardılar. Görüşdə həmçinin, Xızı ziyalıları Adil Sadıqov və Həcər Rəsulova da iştirak etmişdir.




