Fərhad Tapdıqoğlu - Qarabağ müharibəsi dəhşətləri

YAZARLAR 09:09 / 26.02.2026 Baxış sayı: 573

 

10 və 14 yaşlarında olan bacım qızlarının kəndlərinin işğalı zamanı düşməndən gizlənmələri.

1991-ci il,dekabr ayının 7-si.Günəşli qış günü idi.Vaxtilə 800-yə yaxın təsərrüfatı olan bu kənddə indi vur-tut 10 ailə yaşayırdı.Bu kəndlə aralarındakı məsafə cəmisi bir kilometrə qədər olan ermənilərin Maçkalaşen adlandırdıqları,bizimkilərin Maşadkənd dedikləri bir kənd vardı.

Bir zamanlar Maşad bəyin qapısında nökər kimi işlətdiyi ermənilərə peşkəş elədikləri, Məhəmməd bəy, Zöhrab bəy,Şərif bəy...onlarla bəylərimizin adları ilə adlandırılan yüzlərlə hektar torpaqlarda haylar əkib-becərir,yaşayırdılar.

Maraqlıdır ki,ermənilər də bu torpaqları həmin bəylərin adları ilə adlandırırdılar,bizim bəylərimizin adları ilə.

Bu kəndin ,Füzuli rayonunun Yuxarı Divanalılar kəndinin ərazisi ilə ermənilərə "məxsus" torpaqlar şahmat şəklində,qat-qarış idi.

Yuxarı Divanalılar kəndində divanxana ,indiki məhkəmə yerləşib.Kəndin adı da buradan götürülmüşdür.Divan Alı-Divanalılar.

Mən bu kəndin camaatının zaman-zaman kəndi niyə tərk etmələrini,kəndin niyə boşalmasını ,yaxud kəndin tarixini yazmaq məqsədi güdmürəm.

Bu kəndin əhalisi alış-verişi həmin o ermənilərin yaşadıqları kəndin dükanından edir,həmin kənddəki kəhrizin suyundan istifadə edirdilər.Kirvəliklə bu əlaqələr daha da möhkəmlənmişdi.

Bu "mehribançılıq " 1989-cu ilə qədər davam etdi.1989-cu ildə Divanalıların qız-gəlinlərini kəhrizdən qovdular ,mağazaya qoymadılar, uşaqları məktəbə buraxmadılar.

Qısa müddət ərzində rayonun başçıları Divanalılar kəndində kişik məktəb binası da tikdilər,subartezian quyusu da qazdılar,mağaza da açdılar.

Vəziyyət isə gərgin olaraq qalırdı.Amma kənd camaatının vəziyyətin düzələcəyinə inamları çox idi.

Əfsuslar olsun...

...Həmin gün ,1991-ci ilin 7 dekabr günü ...

Bacım qızları ,14 yaşlı Aidə və onun kiçik bacısı 10 yaşlı Təranə evlərindən təxminən 30 metrə yuxarıda ,hündürdə yerləşən ,ana babalarının, yəni bizim yurd yerimizdəki tut ağacının yanında dayanıb Maşad kəndinə baxanda təəccübləndilər.Kəndə xeyli adam toplaşıb,ora-bura var-gəl edirdilər.

Bacılar evlərinə qayıdıb,yemək yedilər,qardaşlarına da yemək verdilər.Qardaşları Fazil o taya( çayın o tayı) gedib əmiləri Kərim və Bəhməni mal-qoyuna baxmaqda əvəz etdi.

...Gündüz saat 2 idi.Qızlar atışma səsinə diksindilər.

Güllə səsləri,danışıqlar onların evlərinin yolağasında ,əmiləri Bəhmən kişi ilə bunların evlərinin arasındakı yolda gedirdi.

Onlar idi,"haylar."..

Aidə tez bacısı Təranənin əlindən tutub,birmərtəbəli evlərinin açıq pəncərəsindən çıxıb,yanda yerləşən maşın qarajı ilə saray adlandırdıqları "əl yerini" keçib ,hamam otağına girdilər.

Hamam tökmə betondan tikilmişdi və soyunub-geyinmə və vanna yerləşən yuyunma otağından ibarət idi.Qızlar tez hamamın otağının qapısını örtüb,yuyunma yerinə keçib, divara qısıldılar. Hamamın kiçik "yelvuran" pəncərəsi vardı.Səslər aydın eşidilirdi.Ermənilərin yanında Kərim kişi ilə Bəhmən kişinin də səsləri gəlirdi: "Bu evdə heç kim yoxdur,rayona gediblər"...

...Az keçmişdi ki,hər yan tüstüyə büründü.Əclaflar,alçaqlar bacımgilin evlərinə od vurmuşdular,evləri yanırdı...

Bir neçə dəqiqədən sonra hamamın qapısı açıldı.Erməni avtomatın darağını hamama boşaltdı.Güllənin biri Aidənin ayaqlarının yanından keçib ,dəmir vannaya dəydi.10 yaşlı Təranə qışqırmaq istəyəndə ,Aidə onun ağzını yumdu.

Düşmən hamam otağında heç kimin olmadığını yəqin edib uzaqlaşdı,ayaq səsləri,səs-küy də uzaqlaşdı...

Evlər yanırdı...7 övladları olan bir ailənin dişləri-dırnaqları ilə uzun illər ərzində qazanıb,tikib başa gətirdikləri evləri yanırdı...hər şey yanırdı...bütün hər şey...

Təranənin doyunca oynamadığı kuklaları da yanırdı,kitab-dəftərləri də...

...Hər şey yanırdı...

Bir ailənin bütün arzuları yanırdı...

Qızlar ayaqyalın idilər gizləndikləri yerdə.

Aidə hamamın soyunub-geyinmə yerində olan köhnə pencəyi götürüb ayaqlarının altına sərdi.

Hamam betondan və kip olduğundan ora tüstü az daxil olur, "yelvuran" pəncərədən çölə çıxırdı.

...Saatlar keçirdi...

İçin-için ağlayan balaca Təranəni 14 yaşlı "böyük "Aidə sakitləşdirirdi:

"Ağlama,bacı ağlama.Əgər gələn olmasa ,mən səni burdan çıxaracam.Qapımızdakı arxın( ermənilərin iki ilə yaxın susuz qoyduqları arxın) üstündəki balaca körpünün altında gizlənərik,ya da su quyusuna girərik.Sonra gecənin qaranlığında bağdan çaya enib, çayqırağı Aşağı Divanalılar kəndinə ,babam gilə gedərik.Qorxma,bacı qorxma.Ağlama bacı,ağıama"...

Bir neçə saat keçdi...

Birdən qızların atası,yeznəmiz Hətəmxanın səsi eşidildi.

O Aidəni,Təranəni səsləyirdi.Bu ata harayı idi...

Təranə hay vermək istəsə də,Aidə qoymadı.

Dedi:"Birdən papamı ermənilər tutub gətirərlər ki, bizi çağırsın,yerimizi öyrənsinlər.Yox hay verməyək"

...Artıq axşam saat 8-ə qalırdı.Həyətdən səs-küy gəlirdi.Qızlar lal-dinməz,səslərini içlərinə çəkib ,divara söykənmişdilər...

Qızlar 6 saata yaxın idi ki,burada idilər...

6 saat ,360 dəqiqə.

Hər dəqiqəsi bir ilə bərabər 6 saat...

Allahım,bu nə müsibət idi...

Birdən hamamın qapısı açıldı...

Qızlar düşünürdü: "Yəqin ermənilər bizi aparacaqlar"

Yooox Aidə yoox...Təriş bala,yoox...

Sizin kimi qəhrəman balaları heç kim apara bilməz...

İçəri daxil olan adam kibrit alışdırıb ,irəliləyəndə sifəti işıqlandı.Bu Oktay idi,qızların əmisi oğlu.

Qızlar ağlaya-ağlaya Oktayın boynuna sarıldılar.

Qapının ağzında dayanan qızların xalası oğlu Tehran

qışqırdı:

"Qızlar burdadır".

İlahi,bayırda nə qədər insan vardı?!.

Qucaqlaşma...ağlaşma...

Qızlar tapıldı...

Artıq bacımgilin evləri tamam yanmışdı

Axşamçağı saat 5 radələrində qızları axtaran zaman ,dayıları Akif və əmiləri Cabbar mal-qaranı ağaclara bağlamış,toyuq-cücəni yanmayan hinə doldurmuşdular...

Yenidən bura qayıtmaq ümidi,inamı ilə...

Qızları rusların tanklarına əyləşdirib,ataları ilə Aşağı Divanalılara apardılar.

Onları qarşılayanların sayı-hesabı yoxdu...

Həmin gün düşmənlər Maşad kəndindən qorxularından qaçmışdılar...

Bizimkilər "hayların yaşadıqları o kəndi yandırmaq istəsələr də," başbilənlərimiz " qoymadılar.

Kənddən 12 nəfər girov aparmışdılar.Onlardan Məhəmməd adlı birisi ertəsi gün qayıdıb gəlmişdi.Necə gəldiyini heç kim bilmədi

Həmin günü kövşəndə mal-qoyun otaranlar qaçıb aradan çıxa bilmişdilər.Onların arasında bir uşaqlı qadın da vardı.

Bacım oğlu,bu qızların qardaşları ,yeniyetmə Fazil kələsərlikdə mal-qoyun otaran zaman uzaqdan avtomatlı ermənilərin gəldiklərini görüb,çayaşağı Aşağı Divanalılara qaçmışdı.

Kəndin camaatının yüzdən çox mal-qarası,beş yüzdən çox qoyun -quzuları,minə yaxın hinduşka,qaz,ördək ,toyuq -cücələri ...qaldı...

Bunlar insanı yandırmır...

Adamı yandıran zamanında bu təhlükənin qarşısının alınmamasıdır...

Bu bir kəndin faciəsi deyildir.Bu millətimizin,xalqımızın faciəsidir.

Biz həmişə düşmənlərimizə qarşı humanist olmuşuq ,onların vəhşiliklərini tez unutmuşuq...

Bir kəndi yandırdılar...

Füzuli rayonunun Yuxarı Divanalılar kəndini...

O kənd bir daha olmayacaq...

10 və 14 yaşlı qızların yaşadıqları 6 saat ,bu kəndin iki balaca sakininin yaşadığı 6 saat,kəndlə vida saatları oldu...

O kəndə bir daha heç kimi qaytarmadılar.

Öldü o kənd...

Mənim də uşaqlığımın 15 ilinin keçdiyi o kənd...

10.04.2019

P.S.2023-cü ilin sentyabrında antiterror əməliyyatı zamanı o kəndin torpağı işğalçılardan azad olundu...

Hələ də gələcəyi naməlum olan kəndlərdən biri...

Zaman gələcək, Aidə və Təranə nəvələrinə,nəticələrinə deyəcəklər:

"Burda bir kənd vardı.Yuxarı Divanalılar kəndi,bizim kəndimiz"...