Əbülfət MƏDƏTOĞLU : - Açıq pəncərənin mənzərəsi

Ustadım Zəlimxan Yaqubun işığında
Bu dünya «gəlimli-gedimlidi» deyiblər. Buna nə etirazım, nə də əlavəm yoxdu. Sadəcə olaraq bu gəlimli-gedimli dünyada getməyənlərin olması mənim üçün həm düşündürücü, həm güvənli, həm də sevindiricidi. Bu mənada mən Füzulinin, Nizaminin, Nəsiminin, Sabirin, Müşfiqin, Cavidin, Vurğunun, Bəxtiyarın, Məmməd Arazın, Qabilin, Sabir Əhmədlinin, Üzeyirin, Musa Yaqubun... Daha kimlərin, kimlərin bu dünyadan ruhən getmədiyinə yüzə-yüz inanıram və mənə görə bu dünyada yaşayanlardan biri də Zəlimxan Yaqubdu.
Çox səmimi, doğma münasibətlərim olan ustadımla zaman-zaman söhbətləşmək, onu dinləmək mənə nəsib olubdu. Və elə indi də tez-tez həmsöhbət oluram ustadımla. Demək olar ki, onun işıq üzü görmüş kitablarının hamısı mənim kitabxanamı bəzəyir və hər dəfə də o kitabların önündə dayananda xatirələr güc gəlir, dönürəm o illərə, eşidirəm ustadın səsini. Coşğulu, adamı dinləməyə kökləyən və həm də düşündürən o səsi...
Bu gün də söhbətləşdim ustadımla. Kitabxanamda əlimi uzadıb götürdüyüm «GƏL» adlı kitabı mənə də gəl dedi, elə onun barəsindəki düşüncələrimə də, hətta onun özünə də. Biz görüşdük və həmin düşüncələr ikimizi də öz aurasına aldı. Bir də gördüm ki, «Bir şairin bir şeiri» layihəmdə ustadım «Mən gedincə pəncərəni bağlama» şeirini oxuyuram. Bu şeirin yəqin ki, kifayət qədər oxucsu olub və bu gün də var. Hər sözü, hər misrası sevgiyə süsləmiş bu şeirdə bir yaşantı adamın iç dünyasını kitab kimi vərəqləyir. O vərəqlərin arasında mən də öz yaşantılarımı görürəm. Bax, həmin məqamda da ustadımın ruhuna minnətdarlıqla onun bu dünyadan getmədiyinə təkrar əmin oluram. Ustadım yazır ki:
Mən gedincə pəncərəni bağlama,
Mən bilim ki, arxam ilə göz baxır.
Sən də bil ki, havalanıb bir oğlan,
Arxasınca sənin kimi qız baxır.
Görün nə qədər səmimi, nə qədər içdən gələn və həm də bir yaşam səhnəsidi bu!!!. Misraları oxuduqca o qızı da görürsən, o pəncərəni də görürsən və o pəncərədən baxan qızın gözlərindəki ilahi sevginin işığını da canına hopdurursan. Bu artıq sevginin qələbəsidi. Bu ayrılmaq istəməyən ürəyin şıltaqcasına özünü ifadə etməsidi. Sanki o müvəqqəti ayrılıq pəncərənin bağlanması ilə uzana bilər və bunu istəməyən ürək də tam səmimi bir şəkildə, özü də bir növü xahiş kimi, bir az da yalvarış kimi səsini çatdlırır o qıza, pəncərəni bağlama deyir. Yaşanan o hisslər məni də bir vaxtlar yazdığım şeirin ovqatına kökləyir, yəni yaddaşımda həmin o şeirin özünü də görürəm, onun doğulduğu məqamın bütün mənzərəsini də. Onda yazmışdım ki:
mən keçib gəldiyim yollar boyunca
çiçəklə danışdım, güllə danışdım!
qaya çapıqların gözümlə öpüb
məni anlayacaq dildə danışdım.
Bəli, bax elə söylədiyim fikirlərin bir assosiasiyası da mənim yaşamımdı. Yəni mən üzümə açılan yolla sənə doğru gələndə özümü kökləmişəm.... çiçəklə də, güllə də, daşla da, divarla da danışa-danışa özümü sənə çatdırmışam, özü də onların öz dilində. Deməli, bu qabiliyyət də səndən gəlir, sənin sevginin mənə bağışladığı, məndə yaratdığı istəyin diktəsidi bu. Ustadım Zəlimxan Yaqub da həmin o pəncərədən baxan qıza üzünü tutaraq onunla pəncərənin də, qızın da anlayacağı dildə danışır. O da daşın gül açacağını, o qızı qucaqlayacaq qolların gücünün artacağının, ilahinin hədiyyəsi kimi, ilahinin verəcəyi güc kimi dəyərləndirir və yazır ki:
Mən gedincə pəncərəni bağlama,
Daş gül açır sən baxanda yollara.
Qoy bir az da qüvvət versin İlahi,
Səni sıxan, səni qucan qollara.
Şeirin bu bəndini oxuyub xəyallanıram. Gənc dostumun – yəni Şamxal Şəbiyevin replikası öz işini görür. Necə deyərlər, mən də gözümü yumub çıxıb gedirəm... Amma o cavan oğlanın da, elə mənim də içimdəki gerçəklik bütün bu mənzərəni bədii şəkildə reallığa yönəltməyə meyillidi. Elə ona görə də mən öz şeirimin ikinci bəndini içimdə təkrarlayıb nəyi necə yaşadığımı bir də götür-qoy edirəm, bir də nəzərdən keçirdirəm. Həmin anda gəldiyim nöqtə, müəyyənləşdirdiyim gerçəklik də elə sevginin özüdür. O, həm də varlığımızın sahibidi. Mən də varlığıma sahib olan sevginin bir yazısını da bu misralarla ifadə edirəm:
ruhumda bir dinclik, qəlbimdə sevgi
xoş anlar yaşadım yollar boyunca.
bu dünya tanrının tikdiyi evdi –
anladım yollarda yaşa dolunca!
Bəli, insanın sığındığı ünvan əslində onun üçün təkcə yaşamaq üçün bir guşə deyil. O həm də onun var olduğunu ifadə edən və bu varlığın cizgilərini bu və ya başqa formada hər kəsə çatdıran bir əlamətdir. Deməli, bu dünya Tanrının tikdiyi ev olsa da, o, həm də bizim hər birimizin sığınacağımız, bizim hər birimizin yuvamızdır. Bax, həmin o sığınacaqda isə qapı da, pəncərə də o adamların üzünə açıq olur ki, onları gözləyirlər,onları düşünürlər.Bax, məhz həmin anda Sən Onlarla ruhən bir olursan. Məhz bu aspektdən yanaşanda ustadımın fikirləri mənim üçün gün işığı kimi sərgilənir. Axı Zəlimxan Yaqub sözün hər qatında öz yaşamını, öz düşüncəsini oxucuya – demək həm də mənə diktə etməyi gözəl bacarıb. Onun bu fitri gücü, oxucunu, yəni məni sözün ayağına gətirib - təkrar-təkrar oxuyub düşünmək üçün! Bax, indi son bəndini təqdim etdiyim şeirdəki kimi:
Mən gedincə pəncərəni bağlama,
Bağlayarsan, nitqim, sözüm bağlanar.
Aramıza pərdə çəkər Yaradan,
Sənin bəxtin, mənim gözüm bağlanar.
Düşünürəm ki, bu bəndə, bu misralara şərh vermək yox, onu ürəyinin, ruhunun köynəyindən keçirmək daha doğru olar və bir də düşünürəm ki, aramıza çəkilən pərdələr bizi bir-birimizdən uzaqlaşdırsa da, əgər sevgimiz haqdandırsa, biz o pərdələri aradan qaldıra biləcəyik. Çünki Allahın iradəsi hər şeyə nöqtədi, hər şeydən güclüdü. Və mən də geriyə baxmaqla təkcə xatirələri ziyarət etmirəm, həm də Allah gücünü, iradəsini bir növü özüm üçün gerçəkləşdirirəm. Axı, dünəndə sevginin xatirələri saralmış çiçəklər kimi baxa-baxa qalıbdı. Onlar, yəni o xatirələr doğma nəfəs, doğma baxışlar üçün yollara baxırlar. Və mən də ayrıla bilmədiyim həmin o yolla üzü geriyə addım atıram:
arxaya boylanmaq yalnız xatirə
ordan işıq düşür keçilən yola.
bu günüm sığışır bircə sətirə –
sabahım...yaşayaq – nə ola, ola!
Bəli, mən ustadımla həmsöhbət olduğum məqamda onun pəncərəni bağlama söylədiyini bütün mahiyyətini demək olar ki, nöqtə vergülünə qədər anlamağa çalışdım və bir də həmin o anda dünəni də, bugünü də içimdən keçirtdim. Axırda bu qərara gəldim ki, həyatda bir gerçəklik var, o da haqqını, sevgini yaşamaqdı. Odur ki, yaşayaq sevgini, yaşayaq haqqımızı. Sabah nə olar olar.
