Arzu Əsəd : - Tarix yalanlara hamilə qalmır...

Durdurulmalıydı, dayanmalıydı
O həyasız güruh, o kirli axın.
Nəhayət, qəflətdən oyanmalıydı
Əzəli sahibi bu pak torpağın.
Zaman axıb-axıb durulmalıydı,
Haqq dönüb dolanıb qayıtmalıydı.
Dirçəlib, doğrulub bir olmalıydı,
Bu millət əslinə can atmalıydı.
Tarix yalanlara hamilə qalmır;
Haqqı nəsil-nəsil tapdalayan xalq
Öncə düşüncəni, fikri, xəyalı,
Sonra nəsilləri ölü doğacaq.
Çatdı zülmün sonu, hiylənin sonu,
Səni hər meydanda susduracağam.
Min bir xəyanətlə tarix uzunu
İçdiyin qanları qusduracağam.
Sənin kiçilməyə, sənin enməyə,
Sınmağa yönəlik təbiətin var.
Dənizdən- dənizə səpələnməyə
Sənin nə sayın var, nə qüdrətin var.
Mən yenə tarixdən, haqdan güc alıb
Sevilib, seçilib, sayılacağam.
Kökümün üstündə artıb ucalıb
Qitədən qitəyə yayılacağam!