Ağaevli Əli Hacı  : - Buludlar torpağa şeirlər yazır

Ədəbiyyat 14:19 / 23.05.2024 Baxış sayı: 929

Buludlar torpağa şeirlər yazır,

Deyir yazdığını yağış diliylə !

Nəğmə bəstələyir torpağa göylər,

Oxur xəzəl - payız,qar-qış diliylə !

 

Batırıb gecənin dərinliyində,

Səhərə çıxmağa əl yeri qoyur !

Gah da,qabağına alıb külək tək,

Tanrı vaxt qoyduğu günləri qovur !

 

Söz üçün birləşib dil də ağızda,

Bir üzüm gecədir,bir üzüm sabah !

Təkcə ürəyimə şərik verməyib,

Əl-ayaq,hər şeyi cüt verib Allah !

 

Təkcə ürəyimə şərik verməyib,

Buraxıb özünə,yarısın tapa !

Yar ilə,Sevgiylə,bir də ki,Eşqlə

Yol gedib,Tanrının qapısın tapa !