Xocavənddə körpülərə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlandı  - FOTOLAR

KRİMİNAL 14:57 / 02.10.2023 Baxış sayı: 1915

Xocavənd rayonu ərazisində 4 körpünün alt və yan hissələrində yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb.

Yenises.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıblar.

Bildirilib ki, yaşayış binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən körpülərdə qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan ümumilikdə tərkibində 200 kq-dan artıq trotil dolu qutulardan ibarət tələ məftili və elektrik üsulu ilə işə düşən partlayıcı qurğular müəyyən edilib.

Belə ki, körpülərin alt və yan tərəflərinə hər biri 25 kq-lıq trotil hissələrlə dolu qutulara elektrik detonatoru və partlayışın gücləndirilməsi məqsədilə bir neçə ədəd TM-57 növlü tank əleyhinə minalar quraşdırılıb. Bu kimi partlayıcı qurğular isə ölümcül partlayışın törədilməsi, texnika və insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.

ANAMA əməkdaşları aşkar edilən partlayıcı qurğuları zərərsizləşdirərək ərazilərin təhlükəsizliyini təmin edib.