Təranə Məmməd - Ay seli
Ağ ipəkdən bir don tikib zülmət gecə.
Kaş ki, o don mənim ola.
Pəri olam ağ libasda xəfif, incə,
Dəniz də mənzilim ola.
Süzülə don çiynimdən,
Mənə gizli yuva ola.
Keçə şuatək cismimdən,
Ruhumun libası ola!
Ala məni dərd-sərimdən,
Ayıra kədər-qəmimdən,
Gələ məni xilas edə
Yer üzünün zillətindən...
Göydən dənizə süzülə
ağ donun qırçın ətəyi,
Mən olam gecə mələyi.
Sığal çəkəm zülmətin siyah telinə,
Dönəm gecə Ay selinə...