Tahir  Rzayev   , millət vəkili : - Qarabağ və Şərqi Zəngəzurda torpaq islahatı aparılmalıdır 

MƏMLƏKƏT 15:14 / 06.06.2023 Baxış sayı: 1477

İşğaldan azad olunmuş ərazilərə köçə start verilsə də, pay torpaqlarının yerli sakinlər arasında bölgüsünə dair meyarlar hələ dəqiq şəkildə müəyyən olunmayıb.

 

Yenises.az  xəbər  verir ki, bu  sözləri   Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Onun sözlərinə görə, torpaq bölgüsü aparılarkən, bir sıra məqamlar nəzərə alınmalıdır.

 

“Sözsüz ki, torpaq bölgüsü üçün meyarlar müəyyən edilməlidir. Bu meyarlar torpaqların kateqoriyasına, insanların sayına, imkanlarına, məhsul istehsalına görə təyin olunur. Amma qeyd edim ki, qanunvericilik sənədləri olsa da, bölgü meyarları hələ dəqiq olaraq müəyyənləşdirilməyib. Hər bir kəsin torpaq əldə etmək, torpaq üzərində mülkiyyət hüququ qazanmaq haqqı var. Hesab edirəm ki, buna görə də işğaldan azad olunmuş ərazilərdə torpaq islahatı həyata keçirilməlidir”, - deyə o bildirib

Komitə sədri qeyd edib ki, digər sahələrdə olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda torpaq islahatı həyata keçirilməli, insanlara həm həyatyanı, həm də pay torpaqları verilməlidir.

“Eyni zamanda bəzi torpaqlar dövlət mülkiyyətində qalmalıdır. Torpaq bölgüsü 3 formada olur. Fikrimcə, elə bu 3 formada da tərtib olunmalıdır. Amma strateji məsələlər də var. Ola bilsin ki, haradasa bu torpaqların bölgüsündə azlıq və ya çoxluq oldu. Bu da sözsüz ki, hökumətin, dövlətin nəzərdə tutduğu müəyyən layihələr, planlar əsasında həyata keçirilir. Amma düşünürəm ki,  mütləq şəkildə həmin ərazilərdə torpaq islahatı həyata keçirilməlidir. İnsanlar məskunlaşdıqdan sonra həmin ərazilərdə bələdiyyələr yaranmalıdır. Bələdiyyələrin də özünə məxsus torpaq sahələri olmalıdır. Çünki qanunvericiliklə tənzimlənir ki, hər bir bələdiyyənin özünün torpaq sahəsi olmalıdır. Digər tərəfdən hazırda işğaldan azad edilmiş bölgələrdə məskunlaşacaq vətəndaşlar üçün evlər tikilir və onlar həyatyanı torpaq sahəsi ilə təmin olunurlar. Bu, onların xüsusi mülkiyyətində olan torpaq sahələridir”, - deyə Tahir Rzayev vurğulayıb.

 

Məlumat üçün bildirək ki, işğaldan azad edilən ərazilərdə quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyevin şəxsən iştirakı ilə Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin, yaşayış məntəqələrinin əsası qoyulur. 44 günlük Vətən müharibəsindən 2 il sonra Böyük Qayıdışa start verilib və ilk köç Zəngilanın Ağalı kəndindən başlayıb. Növbəti mərhələdə laçınlıların qayıdışı həyata keçirilir. Belə ki, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Prezident əhali ilə görüş zamanı deyib ki, 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb.