SÜLEYMAN ABDULLA. - ŞEİRLƏR
OLMALI ŞEİR
Nəsimi demişdi axı "mənəm həqq"
Həqq deyən başlara tac olmalıydı.
Dünyanın haqsızlıq qanunu mütləq,
"Yersiz gəldi, yerli qaç" olmalıydı.
Kiminsə quludur boyun əyən kəs,
Gücsüzü görəndə xətrə dəyən kəs...
Azadlıq diləyən, hürr istəyən kəs,
Azadlığa, hürrə ac olmalıydı.
Yaman zülüm imiş vaxtın hikkəsi,
Əl çatan ətəkdi adamın bəsi.
Axı gəlməliydi Xızırın səsi,
Əmri: - gözlərini aç! - olmalıydı.
YERSİZ ŞEİR
Qəlbimin daş üzü dönmürdü dağa,
Ayağım keyiydi, əlim qıcıydı.
Haraya üz tutsam sənə varmağa,
Məni qarşılayan yolayrıcıydı.
Bəs xəta eylədim harda və nədə,
Ya qismət yetişmir, ya tale yatmır.
Bir də ayıldım ki, keçib vaxt-vədə,
Əllərim puç olan günlərə çatmır.
Dümağ ağarmışdı saçım-saqqalım,
Bir də yer üzünün qar olduğu vaxt.
Mən necə yolumu uzaqdan salım,
Dünyanın başıma dar olduğu vaxt?
Girməyə bəlkə də yerin dibi yox,
Harda, necə, nə cür, nə, kim?!...
Yoxuymuş...
Mən torpaq adamam, yer sahibi yox,
Heç göy üzündə də yerim yoxuymuş.
ŞÜKRANLIQ ŞEİRİ
Hər kəs öz elinə qayıdır daha,
Dönür yaxşısı da, dönür pisi də.
Qayıdır evinə qəhrəman kimi,
İgidi, xaini, fərarisi də.
Bir üzdə nifrət var, bir sifətdə nur,
Hər kəs xeyir arar düşəndə şərə.
Bütün zəfərlərin dədəsi olur,
Heç kim yiyə durmur yenilgilərə.
Kimdi yaxın qoyan bağbanı bağa,
Daha ağırlaşıb vətən dəlisi.
Alınan torpağa yiyə çıxmağa,
Əlinin qoçu var, qoçun Əlisi.
O gündən məzarın dönər vətənə,
Düşər sinən üstə qırovlar, düşər.
Hər kəsin başının daşı var, sənə,
Çaxmaq*lar ələnər, Murov*lar düşər.
Xoşdu vaxtın hökmü, zamanın qəti,
Bəlkə də Tanrının payıdır, şükür!
Qurtardı satılma-satma söhbəti,
Hər kəs öz elinə qayıdır, şükür!
XEYİR-ŞƏR ŞEİRİ
İşlər nə tarazdı, nə təndi, amma
Tab edib çatacaq gücün yer deyil.
Bəlkə də ölməyə Vətəndi, amma,
Bu ölkə yaşamaq üçün yer deyil.
Durduqca qaradan gətirdi diz su,
Getməyə yer yoxdu, imkan - qalmağa.
Payımız palçıqdı, ümidimiz su,
Şükür ki, qoyurlar nəfəs almağa.
Dabbaqda öz gönü itgünlü hanı,
Ucuz dərimizi baha aşılar.
İnsaf bazarında varsa vicdanı,
Satar ucuzuna quldurbaşılar...
Bizə görə deyil qürbət ölkələr,
Nə olar, nə olmaz - Vətəndir, amma.
Burada Xeyiri üstələyir Şər,
İşlər nə tarazdır, nə təndir, amma...
EY...
Zaman hər adamı əyir, əfəndim,
Heyif gəncliyimdən, elə şaxdım ey...
Gizlicə süzərdi gözəllər məni,
Onlara gözaltı mən də baxdım ey...
Vardı dəyirmanım, vardı, de, dənim,
Sözümə inanıb suya gedənim...
Var idi paxılım, qibtə edənim,
Çoxunu yandırıb odsuz yaxdım ey...
Mənim də gözümün axı var suyu,
Damarımdan axan deyil nar suyu.
Əvvəl ümid idi, oldu qar suyu,
Çaylara qarışıb axdım, axdım ey...
Xırda görünərdi dünya gözümə,
Ürəyim baxardı sözsüz sözümə.
Tanrıya bəndəydim, şahdım özümə,
Qəfildən devrildi tacım-taxtım ey...
Daş deyil, ağrıyır mənim də canım,
Gündə neçə kərə qaralır qanım.
Olur, yaşamağa olmur imkanım,
Olur ki, ölməyə çatmır vaxtım ey...