Saqif Qaratorpaq : - Təklik

Ədəbiyyat 10:41 / 05.11.2024 Baxış sayı: 1739

 

Sındı içimdəki son ümid, heyif...

Qırıldım sonuncu adamdan belə.

Mənə şirin-şirin nağıl danışma,

Demə o bağ belə, bu bostan belə...

 

Bir azca sən də dad unudulmağı,

Gör ki tənhalıqdan Tanrı nə çəkir.

Mən elə əzəldən içimdə təkəm,

Peşiman olarsan, yolumdan çəkil.

 

Gedənlər gedəcək, belədi qayda,

Bu andlar,bu vədlər... hamısı boşdu.

Hər kəs öz oduna isinsin, yetər...

Mənə öz külümdə oynamaq xoşdu.

 

Bircə yol qaçmadım tərif dalınca,

Gözüm yox heç zaman şöhrətdə, şanda.

Mən susan dənizəm tufandan qabaq,

Müsibət oluram səbrim daşanda.

 

Ölərəm, dilimdən qıfıl açılmaz,

Heç “uf” da demərəm sökülüncə can.

Hər gün bir nəfərlik qala tikirəm

Özümə könlümün qırıqlarından.